Mustafa Hajibeyli: Baydenin gahgirliyi

Mustafa Hajibeyli: Baydenin gahgirliyi
17 Nisan 2021 - 12:35
Bayden bir gün Putini qatil adlandırır. Ertəsi gün ona zəng vurub görüş təklif edir. Bir gün Rusiya hakimiyyətinin barəsində sanksiya tətbiq edir. Ertəsi gün əməkdaşlıqdan və rus xalqının patriotluğundan danışır.
Bir əli ilə vurur, o biri ilə sığallayır. Gah elə, gah belə – buna gahgirlik deyilir. Doğrudanmı, Bayden də sələfi Tramp kimi, dünyada Şər qüvvələrin əsas himayədarı olan Putin rejimi ilə oyun oynayacaq?
Zənnimcə, hər iki davranış bir məqsədə xidmət edir – idarə etmək. Kiminsə üzərində öz hakimiyyətini bərqərar etmək istəyirsənsə, bunun üçün yalnız cəzalandırmaq kifayət etmir, bağışlamağı da bacarmalısan. Bayden təcrübəli siyasətçi kimi, konfliktologiyanın bu incəliyini yaxşı bilir.
ABŞ-a anoloji sanksiyalarla cavab verməyə hazırlaşan Putin Baydenin dünənki “sığalından” sonra azacıq da olsa tərəddüd edibsə, deməli, artıq Bayden öz istəyinə qismən nail olub. İstək isə Putini öz iradəsinə tabe etdirməkdir.
İkincisi, Bayden Rusiyaya son reveransı ilə özünün məsuliyyətli bir siyasətçi olduğunu, vəziyyətə nəzarət etdiyini, Rusiyaya qarşı sanksiya qərarlarının bu ölkəyə nifrətdən, emosiyadan yox, ABŞ-ın təhlükəsizliyinə görə qayğılardan irəli gəldiyini nümayiş etdirir.
Üçüncüsü, Bayden ABŞ-Rusiya ziddiyətlərindən bəhrələnmək istəyən dairələrin – Avropada və Çindəki bəzi qüvvələrin dövriyəyə girməsini əngəlləyir. Putinə mesaj verir ki, mənim sansiyalarım sənə problem yaradırsa, bu problemi aradan qaldırmaq üçün başqalarına yox, mənim özümə müraciət edə bilərsən.
İnanıram ki, Bayden bəzən narahatlıq doğuran manevr və üsullardan istifadə etsə də, öz platformasında elan etdiyi kimi, dünyada demokratiyanın bir ideologiya olaraq qalib gəlməsi amalından vaz keçməyəcək.

Mustafa Hajibeyli
https://kafkassam.com/
https://kafkassam.com/mustafa-hajibeyli-baydenin-gahgirliyi.html

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum