Murtəza Həsənov: Qafqazın Dəyişən Jeopolitikası və Şuşa Bəyannaməsi

Murtəza Həsənov: Qafqazın Dəyişən Jeopolitikası və Şuşa Bəyannaməsi
21 Haziran 2021 - 18:02

Bir ananın iki oğlu,
Bir amalın iki qolu.
O da ulu, bu da ulu
Azərbaycan – Türkiyə.

Bəxtiyar Vahabzadə

Sovet İttifaqının süqutundan və 1991-ci ildə Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsindən sonra Azərbaycan və Türkiyə münasibətləri daha sürətli şəkildə inkişaf etməyə başladı. 1991-ci il oktyabrın 18-də dövlətimiz müstəqilliyini elan etdikdən qısa bir müddət sonra, yəni, 9 noyabrda Türkiyə müstəqilliyimizi tanımış, artıq 1992-ci il yanvarın 14-də isə diplomatik münasibətlər qurulmuş və beləliklə də Azərbaycanın müstəqilliyini tanımış ilk dövlət olmuşdur. Hər kəsə məlum olduğu kimi,Azərbaycan və Türkiyə, öz birliyi ilə artıq illərdir sarsılmaz gücə çevrilərək əbədi qardaşlığını dünya miqyasında sübut etmişdir. Hər iki ölkə ayrılıqda coğrafi mühitinə, münbit torpaqlarına, güclü yerli və xarici siyasətinə, iqtisadi gücünə və bunlar kimi bir sıra göstəricilərinə görə zəngin olsalar da, eyni zamanda etnik və mədəni müxtəliflik, burada yaşayan bütün xalqların tarixi birliyi və qardaşlığı kimi spesifik amillər nöqteyi-nəzərdən böyük sərvətə malikdirlər.
Türkiyə-Azərbaycan ikitərəfli əlaqələri bölgədə sabitlik və sülhün qurulmasına xidmət edir, heç bir ölkəyə təhdid yaratmır. Bütün dövrlərdə Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynayıb. Azərbaycan – Türkiyə qardaşlığı və onların birgə fəaliyyəti regional aləmdə çox önəmli amildir. Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir. Ortaq kök, din və dil birliyi, bundan əlavə həmçinin oxşar mədəniyyət, adət və ənənələrin də olması bu amili şərtləndirən əsas cəhətlərdəndir. Hətta tarixə nəzər salsaq, görərik ki, Azərbaycan və Türkiyə özlərinin ən mürəkkəb və çətin dövrlərində hər zaman bir – birlərinə dəstək olmuş və bu dəstəyi daima nümayiş etdirmişlər. Azərbaycan və Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsində hər iki ölkənin həm yüksək vəzifəli şəxslərinin, həm də dövlət xadimlərinin böyük rolu olmuşdur. Ölkələr arasındakı münasibətlərin qarşılıqlı etimad və inam əsasında inkişaf etdirilməsi bugünki günümüzə qədər “Bir millət, iki dövlət” ifadəsinin əks etdirdiyi reallığı təsdiqləyir. Bu gün Türkiyə-Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə əlaqələr uğurla inkişaf edir. Tarix boyunca davam edən dostluq, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlığa söykənən Azərbaycan – Türkiyə əlaqələri daima inkişaf etməkdədir.


Uzun illərdir ki “Bir millət İki dövlət” ifadəsi hər iki ölkənin coğrafi -geosiyasi strateji mövqelərindən və əhəmiyyətindən çox, tarixi və mədəni bağlılıq iki qardaş ölkənin münasibətlərini inkişaf etdirmək istəyinin əsas özəyini təşkil edir. 1990-cı illərdən başlayaraq iki ölkə arasında siyasi, iqtisadi, mədəni, enerji və hərbi baxımdan çoxölçülü əlaqələr sürətlə inkişaf etməkdədir.
İki ölkə arasındakı tarixi siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, hərbi və müdafiə sənayesindəki əlaqələr bugünlərdə xüsusi diqqət çəkir. Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı tərəflərin xarici siyasət, regional və qlobal təhlükəsizlik məsələlərində ortaq baxışlarının bir göstəricisidir. Regional və qlobal təhlükəsizlik məsələlərində hər iki dövlətin milli maraqlarının üst-üstə düşməsi dövlətlər arasındakı strateji əməkdaşlığın vacib hissəsini təşkil edir.
Azərbaycan 44 günlük Vətən müharibəsi ərzində öz əzəli və əbədi torpaqlarını mənfur düşmənin işğalından azad edərkən qardaş Türkiyənin ona dəstək göstərməsi ilə bütün beynəlxalq arena,Azərbaycan və Türkiyə arasında mövcud olan hərbi və müdafiə sənayesindəki əlaqələrin gücünə bir daha şahid oldu. Azərbaycan və Türkiyənin dövlət başçıları , həm də vətəndaşları və hər iki dövlətin nümayəndələri həmrəylik nümayiş etdirdilər, qələbə sevincini birgə yaşadılar. Bu dəstək, bir daha iki dövlət arasındakı qardaşlığın sarsılmazlığını sübut etdi.
Azərbaycan və Türkiyə arasındakı əlaqələri daha da möhkəmlədəcək hadisə Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi ziyarəti əsnasında baş verdi. Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, təkbətək görüşlərindən sonra Azərbaycanın Mədəniyyət paytaxtı olan Şuşada mətbuat konfransı təşkil etdilər.
Konfrans zamanı cənab Prezident İlham Əliyev Şuşa Bəyannaməsinə müdafiə sənayesi və nəqliyyat sahəsində qarşılıqlı yardımın daxil olduğuna diqqəti çəkərək bunları söylədi: “Azərbaycan xalqının və dünyanın bütün gözləri burada. Bu, Azərbaycanda maraqla gözlənilirdi. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları həmrəyliyimizi göstərir. Biz Türkiyənin dəstəyini heç vaxt unutmayacağıq. Qarabağ döyüşündən sonra Ermənistan diz çökdü. Türkiyə-Azərbaycan birliyi əbədidir”.

Çıxışına fərqli bir həyəcan və duyğu içində olduğunu ifadə edərək başlayan Rəcəb Tayyib Ərdoğanisə, daha əvvəl verdiyi sözləri bugün yerinə yetirdiyini vurğuladı.
44 günlük müharibədən sonra Qarabağın erməni vəhşiliyindən və işğalından azad edildiyini xatırladan cənab Ərdoğan:”Arxa planda görünən bina əslində erməni vəhşiliyinin bu şah əsərlərə etdiklərinin bir ifadəsidir. Qardaşım da fon olaraq mətbuat konfransında çox mənalı bir yer seçib. Bir tərəfdə Şuşa icra hakimiyyətinin binası , digər tərəfdə isə ermənilərin təəssüf ki, yerlə yeksan etmək üzrə olduğu bir bina yerləşir”- dedi.
15 İyun Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə cənab Ərdoğan ümummilli lider Heydər Əliyevi mərhəmətlə yad etdi və ruhuna Fatihə oxudu.
Zəfər sevincini cənab İlham Əliyevlə bölüşdüyünü xatırladan Ərdoğan sözlərini belə davam etdirdi:
“O gün tamamilə fərqli bir həyəcan və coşğu yaşandı. 6 aydan sonra qədim Şuşa şəhərində qardaşımla birlikdə olmağımdan çox şadam. Şükürlər olsun ki, vədimizi yerinə yetirdik. Azərbaycan xalqını bir daha Qarabağ Zəfəri münasibətilə təbrik edirəm. Tarixdə bir çox sənətkar yetişdirən Azərbaycanın mədəniyyət paytaxtı Şuşadan göndərəcəyimiz mesajların bölgəmiz və dünya üçün çox vacib olduğuna inanıram. Qardaşım Əliyevin – qalib gələn baş komandanın – uzaqgörən rəhbərliyi altında azad edilmiş Qarabağı ayağa qaldıracaq səyləri diqqətlə izləyirik. Şuşaya gələrkən işlərin gedişatına da şahid olduq. Bir tərəfdən yollar tikilir, digər tərəfdən elektrik stansiyaları açılır. Bütün bunlarla yanaşı, təbii olaraq susuz qalan bu bölgəyə su gəlir. Bütün bu işlər hazırda davam edir və inşallah ən qısa müddətdə regional hava limanları fəaliyyətə başlayacaqdır. İkitərəfli görüş zamanı əziz qardaşım bunları xüsusilə mənə izah etdi. Hava limanlarına çatdıqdan sonra gəliş və gedişlər daha da artacaq və inanıram ki, bu ərazilər turizm sahəsində ciddi bir sıçrayış yaşayacaq.”

Cənab Ərdoğan, Qarabağın əvvəlki şöhrətini və özünəməxsusluğunu bərpa edəcəyini və buna şübhə olmadığını söylədi.
Qarabağın qədim yaşayış yerlərinin yenidən inkişaf etdirildiyi günləri görəcəklərini vurğulayan Ərdoğan, Türkiyə olaraq azadlıq mübarizəsində olduğu kimi hər cür yenidənqurma fəaliyyətində Azərbaycana töhfə verdiklərini və verəcəklərini də qeyd etdi.
Prezident Ərdoğan: “Hörmətli qardaşımın bu gün ifadə etdiyi kimi, bir millət, iki dövlət əsasında qurduğumuz əlaqələri inkişaf etdirəcək yeni bir tarixi addım atdıq. Bu addım olduqca vacibdir və onu daha da gücləndirəcəyik. Qardaşımın ifadə etdiyi Şuşa Bəyannaməsi ilə yeni dövr üçün əlaqələrimizin yol xəritəsini təyin etdik.” – dedi.
15 iyun 2021 tarixində – məhz Azərbaycan Respublikasının Qurtuluş Günündə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Cənab Receb Tayyip Erdoğan tərəfindən imzalanan “Şuşa Bəyənnaməsi” hər iki dövlətin gələcəyi üçün mühüm strateji əhəmiyyətə malikdir.
“Şuşa Bəyannaməsi”nə görə:
Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyəti nəzərə alınacaqdır.
Azərbaycan Respublikası və Türkiyə Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər.
Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.
Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.
Tərəflərin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, Tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcəkdir.
Tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər.
Tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər. Azərbaycan və Türkiyə digər dost dövlətlərin orduları ilə birlikdə hərbi təlimlərin keçirilməsini dəstəkləyəcəklər.
Tərəflər kiber təhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayırlar və bu sahədə birgə elmi tədqiqat işləri, mütəxəssis hazırlığı həyata keçirəcək, qarşılıqlı texniki əməkdaşlığı təşviq edəcəklər.
Tərəflər ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində səylərini artıracaqlar. Bu xüsusda Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcəklər.
Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər.
Tərəflər müxtəlif ölkələrdə yaşayan Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, onların məruz qaldıqları ümumi problemlər qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi məqsədilə səylərini birləşdirəcəklər.
Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər.
Tərəflər Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər.

İstifadə olunmuş mənbələr:
1. http://akademikarastirma.org/turkiye-ve-azerbaycan-kardesligi-bir-millet-iki-devlet/
2. http://www.gazetevatan.com/cumhurbaskani-erdogan-ile-aliyev-susa-beyannamesi-ni-imzaladi-1396616-dunya/
3. https://halktv.com.tr/dunya/erdogan-ile-aliyev-anlasti-susa-beyannamesi-imzalandi-461680h
4. https://report.az/xarici-siyaset/susa-beyannamesinin-tam-metni/
5. https://tr.sputniknews.com/turkiye/202106151044739670-cumhurbaskani-erdogan-ile-azerbaycan-cumhurbaskani-aliyev-iki-ulke-arasinda-susa-beyannamesini/
6. https://www.dunya.com/gundem/erdogan-ile-aliyev-susa-beyannamesini-imzalad
7. https://www.evrensel.net/haber/435533/cumhurbaskani-erdogan-ile-ilham-aliyev-arasinda-susa-beyannamesi-imzalandi
8. https://www.milliyet.com.tr/gundem/susa-beyannamesi-nedir-turkiye-ve-azerbaycan-arasinda-imzalanan-susa-beyannamesi-maddeleri-6531869
9. https://www.sabah.com.tr/gundem/2021/06/15/baskan-erdogan-ve-aliyev-susa-beyannamesini-imzaliyor
10. https://www.yenisafak.com/hayat/sarsilmaz-azerbaycan-turkiye-kardesligi-3508222

Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının “Dövlət Qulluğu
və kadr siyasəti” kafedrasının dosenti, siyasi elmlər
üzrə fəlsəfə doktoru

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi


Bu haber 162 defa okunmuştur.

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum