Millət Anlayışımız: Hüdudları, Əsasları Və Mahiyyəti

Azərbaycan Anayasalarında Millət anlayışı və o cümlədən Türk milləti anlayışı ifadə edilməmişdir. İstiqlal Bəyannaməsində sadəcə olaraq “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər" ifadəsi keçir.

Millət Anlayışımız: Hüdudları, Əsasları Və Mahiyyəti
21 Ekim 2024 - 09:49
Dr. Odər Qutluər

Millət anlayışları dövlətlərin anayasalarında[2] və buna uyğun olaraq, kimliklə bağlı adlandırmalarında, ictimai-siyasi həyatda və rəsmi tarixçilikdə ifadə edilən anlayışlardır. Bu məqalədə millət anlayışımızın keçmişdən günümüzə qədər Azərbaycan anayasalarında, anayasa yerinə keçən rəsmi qanunlarında və buna bağlı olaraq kimliklə bağlı adlandırmalarda, ictimai-siyasi həyatda və rəsmi tarixçiliyimizdə nə şəkildə olduğu göstərilmiş və Türk dünyasının və Azərbaycanın dəyişən yeni geo-siyasi şəraitində millət anlayışımızın fikrimizcə necə olması gərəkdiyi ifadə edilmişdir.

Millətin nə olduğunu ifadə edən, ona tərif verən ən ali rəsmi bəlgə anayasadır. Azərbaycan Türklərinin Azərbaycan ərazisinin quzeyində müasir mənada dövlət qurduqları 1918-ci il tarixindən başlayaraq ilk Anayasa olaraq qəbul etdiyimiz İstiqlal Bəyannaməsindən bugünə qədər Azərbaycan Anayasalarında Millət anlayışı və o cümlədən Türk milləti anlayışı ifadə edilməmişdir. İstiqlal Bəyannaməsində sadəcə olaraq “Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər[3] ifadəsi keçir və hüquqi-siyasiyyə və vətəniyyə təmin edildiyinin ifadə etdiyi insan kütləsi hər hansısa bir adla ifadə edilmir. Bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətini quran millətin tərifi verilmədiyi kimi adı da ifadə edilməmişdir. Cümhuriyyətin quruluşunu tamamlama dövründə olduğu zamanlarda da dövlət dilinin Türk dili adlandırılması ilə bağlı rəsmi qərar[4] verilsə də Millətin adı və varlığı ilə bağlı rəsmi bir qərar verilməmişdir. Buna baxmayaraq dövlət dilinin rəsmi şəkildə “Türk Dili” olduğunun elan edilməsi dövlətin Türk milli dövlət xarakteri daşıdığının göstəricisidir. Belə ki, bəlli bir dilin rəsmi olaraq təyin edilməsi dövlətin milli xarakterini elan etməsinin bilinən bir üsuludur.[5] Bu üsul 1991-ci ildə Elçibəy tərəfindən də davam etdirildi və “Türk Dili” yenidən dövlət dili elan edildi.

Sovet işğalı dövründə qəbul edilən 1921 və 1927-ci il anayasaları da Millət Anlayışının ifadə edilməməsi yönü ilə İstiqlal Bəyannaməsi ilə bir oxşarlıq təşkil edir. 1921-ci il anayasasının ikinci maddəsində Azərbaycan Respublikası bütün Azərbaycan zəhmətkeşlərinin azad sosialist cəmiyyəti olduğu ifadə edilir.[6] 1927-ci il anayasasında da bənzər şəkildə Azərbaycan Respublikasının bütün Azərbaycan zəhmətkeşlərinin sosialist dövləti olduğu ifadə edilir.[7] 1991-ci ildə qəbul edilən Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında “Konstitusiya Aktı”nda millət anlayışı “Azərbaycan xalqı” olaraq bu şəkildə ifadə edilmişdir: “Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan bütün Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir.”[8] 1991-ci ildə ifadə edilən “Azərbaycan xalqı” anlayışı 1995-ci ildə hazırlanan Anayasada da eyni şəkildə ifadə edilmişdir.[9] Hal hazırki Anayasamızda da “Azərbaycan xalqı” anlayışı 1995-ci ildəki şəkli ilə ifadə edilmişdir.[10]

Anayasada ifadə edilməsini arzu etdiyimiz millət anlayışı vətəndaşlıq anlayışı və vətəndaşların qanuni, hüquqi, ictimai, siyasi haqlarından fərqlidir. Bunun səbəbi millət anlayışımızın vətəndaşlıq təməlinə sığmamasıdır. Millət anlayışı adətən vətəndaşlıq və rəsmi sərhədlərlə görüldüyü üçün Azərbaycan Türklərinin etnik, milli və mədəni sərhədləri də Azərbaycan Respublikasının sərhədləri ilə məhdudlaşdırılmışdır. Halbuki Azərbaycan Türklərinin etnik, milli və mədəni sərhədləri Azərbaycan Respublikası sərhədlərindən və onun əhatə etdiyi coğrafiyadan böyükdür. Bu səbəblə millət anlayışımızı bu böyüklük içərisində ifadə etməliyik.

Azərbaycan Anayasasında millət anlayışımız necə olmalıdır?

  1. Millət anlayışı məsələsində ilk öncə millətin adı öz tarixi və doğru adıyla – Azərbaycan Türkü – ifadə edilməlidir.
  2. Millətin adı doğru ifadə edildikdən sonra millətə tərif verilməlidir; Azərbaycan Türk milləti; Azərbaycan Respublikası vətəndaşlarını, Azərbaycan Respublikası ilə həmsərhəd olan və tarixən Azərbaycan Türklərinin qurduqları dövlətlərin ərazisinə daxil olan, bugün ayrı dövlətlərin ərazisi daxilində olsa da tarixən və ya bugün Azərbaycan olaraq ifadə edilən torpaqlarda yaşayan və dili, soy kökü, mədəniyyəti və tarixi müqəddəratı bir olan insan kütləsini ifadə edir.
  3. “Azərbaycan Türkü” şəklində ifadə ediləcək olan millət anlayışı rəsmi siyasi sərhədlərlə məhdudlaşdırılmamalıdır.
  4. Millət anlayışı vətəndaşlıq anlayışı ilə deyil, soy, dil, mədəniyyət və tarixi ənənə birliyi ilə ifadə edilməlidir.

Günümüz dövlətlərin bir çoxunun anayasalarındakı millət tərifi Fransız inqılabından sonra ortaya çıxan millət anlayışları ilə ifadə edilir. Bu anlayış vətəndaşlıq təməlli millət anlayışıdır. Bu yeni millət anlayışı hər dövlətdə bənzər və fərqli şəkillərdə qəbul edilir. Bu yeni anlayış əslində öz əhəmiyyətini çoxdan itirmişdir, çünki millətlərin çağımızdakı ictimai-siyasi durumları bir-birindən o qədər fərqlidir ki, bütün dünya xalqlarını bənzər bir təriflə millət bölgüsündə dəyərləndirə bilmərik. Bizim məsələmiz Azərbaycandır. Düşüncəmiz bütöv olduğu üçün, Azərbaycan dediyimiz zaman da bütöv bir vətəni nəzərdə tuturuq. Yazdıqlarımızı və söylədiklərimizi də bu bütövlük içərisində ifadə etməliyik. Odur ki, millət tərifimiz də bütöv olmalıdır. Bir millətin kiçik bir qisminə millət tərifi verib, böyük bir hissəsini görməzdən gəlmək, bu tərifin içərisinə daxil etməmək, tarixi, ictimai və sosioloji əsaslara uyğun olmayan qeyri-elmi bir fikir olar. Bu gün Azərbaycanın güneyi İran dövlətinin ərazisi daxilindədir. Bu durum Azərbaycan Türklüyünün bir dövlətin vətəndaşları şəklində olan birliyini əngəlləsə də, bir millət olduqları gerçəkliyini ortadan qaldıra bilməmişdir. Bu gün Azərbaycanın quzeyində bağımsız Azərbaycan dövləti var. Azərbaycanın rəsmi tarixçiliyində Azərbaycanın güneyi də bəlli bir dövrə qədər bütöv şəkildə öyrədilir. Ancaq bizlər hədəfləri və arzuları etibari ilə böyüməyi istəyən, bütöv olmaq üçün çalışan bir millət olduğumuz üçün düşüncəmiz rəsmiyyətin üstündə olmalıdır. Çünki bu düşüncə bütöv bir millətin iradəsidir. Azərbaycan Türklüyü üçün millət tərifi də onun öz siyasi tarixi durumuna görə verilməlidir. Millət anlayışmızın əsaslarını bu şəkildə ifadə edə bilərik:

Yaşanılan coğrafiyanın eyni vahid adı daşıması, coğrafi birlik – Azərbaycan

Çağımızda yaşadığımız coğrafiya Azərbaycan adı ilə bilinməkdədir. Bu coğrafiya günümüzdə rəsmi siyasi sərhədlərlə ayrılmış olsa da, adı və üzərində yaşayan millətin birliyi etibarilə ayrılmaz bir bütündür. Addakı bu bütünlük tarixi keçmişdən və üzərində yaşayanların tək bir millət olmasından qaynaqlanmaqdadır.

Millətimizin son iki min illik tarixi dövrdə etnik varlığını qorumuş olması

Azərbaycan coğrafiyası son iki min illik tarixi dövrdə Türklərin özlərinə yurd etdiyi və dövlət qurduğu bir bölgədir. Bu qədər uzun bir tarixi dövrdə etnik varlığını azaltmadan, daha da çoxalaraq qorumuş olması bölgədəki Türk varlığının qədimliyini və eyni zamanda gücünü göstərməkdədir. Bəlli bir bölgədə bir etnosun etnolojik varlığını dəyişmədən qoruması, dövlətlər qurması və bu durumun hələ də davam etməsi o bölgədəki xalqın bir millət olaraq ifadə edilməsi üçün ən önəmli əsasdır.

Tarixi müqəddərat birliyi

Azərbaycan Türkləri tarixlərinin müxtəlif və uzun dövrlərində eyni tarixi müqəddəratı yaşamışlar. Bu durum ayrı-ayrı dövlətlərin qurulması və ya dağılması hadisəsində olduğu kimi, ən son 1813, 1828-ci illərdə də iki yerə parçalanmaqla tarixin acı günlərini bir millət olaraq yaşamışlar. Türklərin qurduğu Səlcuq imperiyası zamanında da Azərbaycan bölgəsindəki Türklərin müqəddəratı eyni tarixi döngüdə davam edirdi. Səlcuqlardan sonra qurulan Türk xanədanları zamanında da yenə Azərbaycan olaraq ifadə etdiyimiz bölgədə Türk millətinin siyasi, ictimai müqəddəratı ortaq zəfərlərə, yenilgilərə və inkişafa bağlı idi. Bu durum Gülüstan və Türkmənçay anlaşmalarına qədər davam etdi. Günümüzdə də Azərbaycanın güneyində və quzeyində olan Türklər bütövlük hədəfi, birləşmənin zərurəti yönündə və bir-birindən ayrı düşmüş olmağın ortaq müqəddəratını yaşayırlar.

Dil birliyi

Azərbaycan Türklərinin dili Türk dilinin Oğuz qrupuna aiddir və onlar kiçik bölgələr arasında olan təbii ləhçə fərqləri ilə birlikdə ümumi olaraq Türk dilinin eyni ləhçəsində danışırlar. Özündə bir bütün olan Türk dili içərisində də Azərbaycan Türkcəsi Azərbaycan coğrafiyasında bir bütünlük təşkil edir. Dil birliyi millət təşəkkülünün ən önəmli şərti olduğu kimi eyni zamanda da, təşəkkül etmiş millətin varlığının göstəricisidir. Azərbaycanın güneyi və quzeyi arasında dil fərqinin olmaması bizlərin bir millət oluşunun ən təməl özəlliyidir. İki yüz ildən çox bir zamandır eyni dövlət içərisində yaşamamağımıza baxmayaraq, dil birliyinin qorunması bölünmüş yurdumuzda yaşayan insanların bir birilərinə olan ruhi, hissi və fikri bağlılıqlarının nə dərəcədə qüvvətli olduğunun göstəricisidir. Hər milli dilin arxasında bir milli psixologiya vardır.[11] Azərbaycan Türklərinin milli dili olan Türkcənin arxasındakı milli psixologiya millət olaraq bir olma şüurunun və birləşmək hədəfinin insanlarımızın zehnindəki və qəlbindəki psixologiyasıdır. Ana dilin qorunmuş olması milliyyətin varlığını dövlətsiz olsa belə daim qoruyan bir ünsürdür. Güney və Quzey Azərbaycan arasında dil birliyinin qorunmuş olması Türk milliyyət hissinin qorunmasını təmin etməklə birlikdə bir millət olmağı şərtləndirən əsasların var olmasını da təmin edir. Azərbaycanın güneyində Türk dili qorunmamış olsa idi, bu gün nə Azərbaycanın bütövlüyündən, nə də bir millət olduğumuz gerçəyindən bəhs edə bilməzdik.

Mədəniyyət birliyi

Günümüzdə belə, keşmişdə olduğu kimi, Azərbaycanın güneyində və quzeyində ümumi mədəniyyətdə, kültürdə eynilik vardır. Bu eynilik təbiyət hadisələri ilə ilgili inanclarımızdakı ortaqlıqdan başlayaraq, toy gələnəyi, musiqi gələnəyi, qohumluq gələnəyi, məişət işlərindəki ortaq gələnəklərlə davam edir. Mədəniyyət və kültürdəki birlik siyasi sərhədlərlə bölünmüş olsa belə, insan zümrələrinin bir millət oluşunun əsas şərtlərindən biridir. Mədəniyyət anlayışını burada geniş anlamı ilə qəbul etmək gərəkdir. Bizlərin içərisində olduğu və bizlərə təsir edən bütün mədəni hadisələrin toplamı Azərbaycanın hər iki parçası üçün eynidir. Bununla birlikdə millət olmaq bilincinin ən önəmli ünsürü olan ədəbiyyatda düşüncə, istiqamət və üslub baxımından eyniliyimiz vardır. Sənət yönündə də, sənət anlayışını geniş bir sürətdə qəbul etdiyimiz zaman bir ortaqlıq və birlik vardır. Buraya xalçaçılıq sənətindən başlayaraq, musiqi sənətinə qədər bütün sənət sahələri daxildir.

Milli amal və qayələrin birliyi

Azərbaycan Türklüyünün milli amal və qayəsi ortaqdır. Bir sıra durumlarda şəxslər və   quruluşlar arasında fikri anlamda kiçik fərqliliklərə baxmayaraq, millətimizin ümumi amal və qayəsi birdir. Bu birlik, Azərbaycanın bütövlüyü düşüncəsi və hədəfidir. Hər bir Azərbaycan Türkü bölünmüş millətinin və torpağının bütöv olmasını istəyir. Bu sonuncu özəllik bir millət olmanın ən əsas şərtidir. İnsan zümrələrini, bir millət edən milli birlik düşüncələridir. İctimai mədəni və fikri həyatın bütün sahələrindəki bu eynilik, birlik bizlərin, öz siyasi və ictimai şərtlərimizdə tək bir millət olduğumuzu göstərməkdədir. Bu əsaslar Azərbaycan Türklərinin özəl bir millət tərifini təşkil etməkdədir. Bütün bunlardan yola çıxaraq deyə bilərik ki, Azərbaycan Türkləri yurdlarının bölünmüş olmasına baxmayaraq bir millətdirlər.

Millət anlayışımız bu əsaslar üzərində təsis edilərsə Azərbaycan Türklərinin millətləşmə sürəcinin tamamlanması yönündə çox böyük bir addım atılmış olacaqdır.  Biz hər zaman milli kimlik məsələlərində başqalarının narahatçılığını düşünürük. Görəsən İran bizə nə deyər? Biz özümüzə Türk desək görəsən hansısa xalq bizdən inciyərmi? sualları ilə özümüzü geri salırıq. Bizləri olduğumuz kimi, Türk kimi qəbul etmək istəməyənləri bu qədər düşünməkdənsə öz müqəddəratımızla maraqlanmalıyıq. Millət anlayışımızın hüdudlarının böyük hissəsi Azərbaycanın güneyini qapsayır. Azərbaycan İranın rejim ixracı hədəfində olan bir ölkədir. Bu səbəbdən İrandan gələn bütün fikir axımlarına qarşı öz milli fikir axımını inkişaf etdirməlidir. İrandan gələn bütün zərərli fikir axımlarına – Azəriçilik, Şiə İslam dövləti, İranlılıq – qarşı ən güclü silah bütöv Azərbaycanı ifadə edən millət anlayışıdır. Bununla birlikdə Azərbaycan İrana diqqətini artırmalı, ardıcıl və ehtiyatlı siyasət yürütməli və bələliklə öz varlığını və gələcəyini təmin edərək, yaxın prespektifdə etibarlı müttəfiq olaraq Cənubi Azərbaycanda güclü milli hərəkat, ya milli muxatariyyət, ya da müstəqil Cənubi Azərbaycan əldə edə bilər.[12]

Azərbaycanda ifadə edilməsi arzu edilən millət anlayışı əlbəttə İran üçün narahatçılığa səbəb olacaqdır. İran rejimi bütün hallarda Azərbaycanın varlığından narahatdır. Yəni bütöv millət anlayışımızdan İranın narahatçılığına səbəb olacaq düşüncəsi ilə imtina etmək, İranın Azərbaycana yönəlik tarixi bir ənənə halına gəlmiş münasibətini diqqətə almaq yanlış bir addım olacaqdır. İran yalnızca bugün deyil, 1918-ci ildən, yəni Türk xanədanı Qacar Türkləri  tərəfindən idarə edildiyi zamanlarda da Azərbaycan adına qarşıydı. Belə ki, yeni qurulan Türk cümhuriyyətinə “Azərbaycan” adının verilməsi İran rəsmi dairlərində narahatlıqla qarşılandı.[13] Onsuz da Azərbaycan adını İran özü üçün təhdid kimi görür və 1918-ci ildə dövlətin adını Azərbaycan olaraq ifadə etdiyimiz zamanlardan başlayaraq dövlət adımıza qarşıdır. Çünki İran Azərbaycan adını özünün bir parçası kimi görür. Gerçəkdə isə Azərbaycan Turanın bir parçası, hər iki Azərbaycanda yaşayanlar da İranlılar deyil Turanlılardır. 1918-ci ildə qurulan Türk cümhuriyyətinə Azərbaycan adının verilməsinə qarşı çıxan İran mətbuatında yeni qurulan Cümhuriyyətə və onun adına qarşı təhdid və tənqid xarakterli yazılar dərc edilirdi. Bu yazılara ustalıqla cavab verən Rəsulzadə yalnızca yeni Cümhuriyyətə “Azərbaycan” adının verilməsini tarixi əsaslarla müdafiə etməklə qalmır, eyni zamanda hər iki Azərbaycanda yaşayan Türklərin eyni millət olduqlarını cavabında ifadə edirdi: … İravən, Gəncə və Bakı quberniyalarındakı Türklər ilə Ərdəbil, Marağa, Xalxal, Təbriz və Qaraca Dağ mahallarındaki Türklərin biri-birindən nə ilə ayrıldıqlarını ben fərq edəmiyorum. Eyni lisan, eyni adət, eyni məzhəb, eyni ənanət burada da orada da hökmfərma, ortada yalnızca yüz sənəlik digər bir həyati siyasiyyə ilə yaşamanın təsiratı mövcud. “Ətraki-müsəlmani Qafaz”ın “Ətraki-müsəlmani İran” kimi daha məruf bir ismi vardır; Azərbaycan Türkü.”[14]

Göründüyü kimi Rəsulzadə yeni qurulan Türk cümhuriyyətinə Azərbaycan adının verilməsini müdafiə edərkən hər iki Azərbaycanda yaşayan millətin birliyini və millətin adını doğru bir şəkildə “Azərbaycan Türkü” olaraq ifadə etmişdir.

Millət anlayışımızın yuxarıda verilən əsaslara uyğun olaraq ifadə edilməsi buna bağlı olaraq milliyyətçilik anlayışımızın da bu əsaslar üzərində ifadə edilməsini şərtləndirəcəkdir. Çünki millət anlayışı təbii etnik hüdudlarında genişlədiyi kimi, milliyyətçilik anlayışımızın da üfüqü bu hüdudlar içərisində genişləməlidir. Azərbaycan Türkləri üçün millət anlayışı – nation – bir dövlətin sərhədləri daxilində olan insan kütləsi üzərindən qurulmamalıdır. Nationun sərhədləri bəllidir və sərhədlərdən kənara çıxmır. Nationalite isə dövlət sahibi olsun, ya da olmasın eyni soya, eyni dilə sahib, ortaq siyasi və milli idealları olan insanların kütləsidir.[15] Milliyətçilik anlayışımızı də buna uyğun olaraq nationalite əsasında yəni, etnik milliyyətçilik əsasında ifadə etməliyik. Millət anlayışımız vətəndaşlıq anlayışı üzərinə təməlləndirilmədiyi kimi, milliyyətçilik anlayışımız da vətəndaşlıq anlayışı ilə deyil, etnik anlayışla ifadə ediləcəkdir. Millət anlayışının hüdudlarının genişləməsi və öz təbii etnik sahəsində yayılması milliyyətçilik anlayışımızı genişləndirdiyi kimi yurd, vətən anlayışımızı da öz tarixi etnik sərhədlərində ifadə edəcəkdir.

Millət anlayışımıza paralel olaraq hüdudları genişləyəcək olan millət anlayışımızın yuxarıda saydığımız əsaslarına uyğun olaraq milliyyətçilik anlayışımızın;

  1. a) Tarixdən aldığı qaynağı bütöv olacaqdır.
  2. b) Əsaslandığı dilin sərhədləri böyüyəcəkdir.
  3. c) Qidalandığı mədəniyyət dairəsi genişləyəcəkdir.
  4. d) Milli simvolları artacaqdır.

[2] Dilimizdə işlədilən “Konstitusiya” sözü yerinə “anayasa” sözünü işlətməyi uyğun gördük.

[3] Протоколы Заседаний Мусульманских Фракций Закавказского Сейма и Азербайджанского Национального Совета 1918 г., Национальное Архивное Управление Азербайджанской Республики, Баку: Адилоглу, 2006, с. 61, 62, 63.

[4] Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Dil siyasəti maddəsi. I. Cild. Lider Nəşriyyatı, Bakı, 2004, s. 72.

[5] Azar Gat & Alexander Yakobson, Uluslar ( Siyasi Etnisite ve Milliyetçiliğin Uzun Tarihi ve Derin Kökleri), Çev., Ş. Özcan, İstanbul: Bilge Kültür Sanat Yayınları, 2019. s. 412.

[6] Maddə II. Азербайджанская Республика есть свободное социалистическое общество всех трудящихся Азербайджана. Конституция Азербайджанской Социалистической Советской Республики.,Утверждена 1-м Всеазербайджанским с′ездом Советов 19 мая, Баку, 1921 г.

[7] Maddə II. Азербайджанская Республика есть социалистическое государство всех трудящихся Азербайджана, Конституция Азербайджанской Социалистической Советской Республики, Утверждення Всеазербайджанским с′ездом Советов V созыва 26-го марта, Баку, 1927 года.

[8] Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktı, 1991. 8-ci Madde.

[9] 1-ci Maddə, II bənd. Azərbaycan Respublikası Konstitusiyası, (24 avqust 2002-ci il və 18 mart 2009-cu il və 26 sentyabr 2016-cı il tarixli ümumxalq səsverməsi (referendum) ilə edilmiş dəyişikliklərlə).

[10] I Fəsil, II Maddə,  Azərbaycan Respublikası Konstitusiyası, Red., N. Ələkbəri. Bakı, «Biznes xəbərləri» qəzeti, 2012. s. 4.

[11] S. M. Arsal, Milliyyet Duygusunun Sosyolojik Esasları, İstanbul: Ötüken, 2018, s. 84.

[12] N. L. Nəsibli, Türkçü Düşüncənin Əsasları, Bakı: Qanun, 2002, s. 255.

[13] T. Nusretoğlu & O. Alizade, İran’ın Azerbaycan Siyaseti; Karabağ Savaşları Örneğinde. Cihannüma Sosyal Bilimler Akademi Dergisi, Mart, 2022 Sayı: 1 Cilt: s. 129-130.

[14] S. R. Tohidi, Cümhuriyyətin Azərbaycan Adlandrılması və Onun Tarixi Əhəmiyyəti, Bakı: Təhsil Nəşriyyatı, 2021. s. 112.

[15] Odər Qutluər, Türkçülüyün Məsələləri, İstanbul: Kutlu Yayınevi, 2022. s. 16, 17.
Kaynak: Makale ilk olarak Ağustos 3, 2024 tarihindehttps://www.turkcudusuncebirliyi.com/ sitesinde yayınlanmıştır.

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum