Mahirə Xanım Nağıqızı – sadəlik, təvazökarlıq, ziyalılıq, İnsanlıq nümunəsi...

Mahirə Xanım Nağıqızı – sadəlik, təvazökarlıq, ziyalılıq, İnsanlıq nümunəsi...
03 Kasım 2024 - 20:16 - Güncelleme: 03 Kasım 2024 - 20:18

Mahirə Xanım Nağıqızı –

sadəlik, təvazökarlıq, ziyalılıq, İnsanlıq nümunəsi...

Çağdaş Azərbaycan mədəni-ictimai mühitində ədəbi-estetik düşüncəsi, çoxşaxəli yaradıcılıq diapazonu, zəngin erudisiyası, yorulmaz araşdırmaları, peşəkar alim qələmi və fədakar müəllim obrazı ilə sevilən Mahirə xanım Nağı qızı Hüseynovanın elmi-nəzəri görüşləri, eləcə də bədii yaradıcılığı təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da geniş oxucu auditoriyası tərəfindən rəğbətlə təqdir edilir.

Həqiqi ziyalıya xas olan sadəlik, zəhmətkeşlik və təvazökarlıq Mahirə xanımın yaradıcılıq tərcüməyi-halında özünəməxsus yer tutur. Onun nəcib xarakteri və alim mövqeyi haqqında yazanlar, danışanlar daha çox böyük alim Həsən Mirzə faktoruna xüsusi diqqət yetirirlər.

Gənc yaşlarından etibarən istedadının cilalanmasında, peşəkar alim kimi yetişməsində "mənəvi kompas" olan görkəmli ictimai xadim Həsən Mirzənin bütövlükdə Azərbaycan elmi müstəvisindəki işıqlı obrazını "Alim təfəkkürünün itiliyi", "Dərdi dərin Həsən Mirzə", "Həsən Mirzəyev və Azərbaycan dilində feil", "Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri" kitablarında canlandıram Mahirə xanım həm də ustad qarşısında mənəvi borcun və elmi etikanın ən nəcib örnəyinin sərgiləyicisidir.

Otuzdan çox elmi kitabın, dörd yüzdən çox elmi məqalənin, on altı şeir kitabının müəllifi olmaq sadəcə intellektual düşüncənin, bədii təxəyyülün və zəhmətkeşliyin deyil, insanın gördüyü işə sevgisinin nəticəsidir.

Hər bir alimin fəaliyyəti onun intellektual qabiliyyətləri və zəhmətkeşliyi ilə yanaşı, həm də öz peşəsinə və gördüyü işə məhəbbəti ilə tamamlandıqda daha məhsuldar olur və beləcə, gələcək nəsillər üçün uzun zaman istinad olunacaq dəyərli elmi əsərlər doğulur. Bu mənada, Mahirə xanımın yaradıcılığında düşüncə, fikir, istedad, zəhmətkeşlik və ən əsası, öz peşəsinə məhəbbət və sədaqət bir-birini tamamlayır və bu keyfiyyətlər müəllifin fədakar müəllim, yorulmaz tədqiqatçı alim obrazını yaradır.

Professor Mahirə Hüseynovanın çoxşaxəli fəaliyyəti ölkəmizdə və Türk dünyasında həmişə yüksək qiymətləndirilib və o, bir sıra təltiflərlə yanaşı, həm də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adı və “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib. Mahirə xanım Hüseynova bu gün çox sayda xarici ölkə akademiyasının üzvü və bir sıra xarici ölkə universitetlərinin Fəxri professorudur. Mahirə xanımın bir sıra beynəlxalq təşkilatlar və xarici ölkələr tərəfindən beynəlxalq mükafatlara və fəxri adlara layiq görülməsi, orden və medallarla təltif olunması onun elmi yaradıcılığına beynəlxalq səviyyədə marağın göstəricisidir.

"Ulu öndərimizin natiqlik məharəti", "Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası" kimi əsərlərində Mahirə xanım Heydər Əliyevin gənc nəsillərə örnək olan həyatı ilə bərabər ulu öndərin Azərbaycan dövlətçiliyi və Ana dilimiz qarşısında misilsiz xidmətlərini əhatəli şəkildə təqdim etmişdir. Onun Heydər Əliyevə həsr etdiyi "Missiya" adlı əsəri isə Azərbaycan ziyalısının ümummilli liderin əziz xatirəsinə dərin ehtiramının təzahürüdür.

Professor Mahirə Nağıqızının ədəbi-elmi yaradıcılığının bütün istiqamətlərində vicdanlı vətəndaş mövqeyinin şahidi oluruq. Onun elmi araşdırmalarının əsas hissəsini Qərbi Azərbaycanla bağlı əhəmiyyətli ictimai dəyəri olan mühüm məsələlər əhatə edir. Sevindirici haldır ki, Mahirə xanım hal-hazırda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qərbi Azərbaycan İcmasının fəal üzvü kimi səmərəli fəaliyyət göstərir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində "Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi"nin açılması da məhz Mahirə xanımın fədakar əməyinin nəticəsidir.

Bu gün Qərbi Azərbaycan torpaqlarında məhv edilmiş, dağıdılmış, saxtakarlıq yolu ilə xəritədən silinmiş qədim türk yurdlarının, yer adlarının türk mənşəli olmasını elmi dəlillərlə sübut etmək böyük məharət tələb edir. Bu mənada, professor Mahirə Hüseynovanın bu günlərdə işıq üzü görən "XX əsrdə Dərələyəzdə urbisid və etnosid aktları" (2024) və "Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili" (2023) monoqrafik kitabları tariximiz üçün müstəsna mənəvi dəyər kəsb edən tədqiqat əsərləridir.

Qərbi Azərbaycan ərazisində mövcud olmuş yaşayış məntəqə adlarının elmi-nəzəri əsasları, ayrı-ayrı coğrafi ərazilərdə yayılma arealları, leksik-semantik xüsusiyyətləri, iki əsrlik zaman kəsiyində erməni faşistləri tərəfindən Dərələyəz mahalında xarabalığa çevrilmiş kənd adlarını tarixi-etimoloji, linqvistik etimoloji baxımdan təhlil edərkən müqayisəli təhlil metodologiyasına üstünlük verən Mahirə xanımın hətta yeri gəldikcə, Mahmud Kaşğarinin "Divanü-lüğat-it türk"ünə üz tutaraq elmi dəlillərlə doğru qənaətlərə nail olması alim səriştəsi ilə yanaşı milli düşüncəsindən və türk təəssübkeşliyindən xəbər verir.

Alimin "Ümumtürk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" monoqrafiyası Türk dövlətləri arasında vahid informasiya fəzasının aktuallığını özündə ehtiva edən monumental tədqiqat əsəri olmaqla yanaşı, həm də ümumtürk dilləri dialekt və şivələrinin öyrənilməsinə dəyərli töhfədir. Oğuz və qıpçaq qrupu türk dillərinin dərin kökləri etibarilə qohum dillər kimi fonetik, morfoloji, leksik xüsusiyyətləri, ortaq dialektoloji vahidlər, bu dil vahidlərinin konseptual məna tutumu, oxşar və fərqli cəhətləri müqayisəli-tarixi tədqiqata cəlb olunan bu kitab türk dillərinin tarixi inkişafını izləmək üçün son dərəcə faydalı mənbədir. Bu monoqrafiyada əsasən, türk, qaqauz, qazax, qırğız, qaraqalpaq, Altay, tatar, uyğur dillərinin ədəbi dillərə inteqrasiyasında əsas rol oynayan dialektlər müəyyənlənləşdirilir və bununla qədim türk protodilləri rekonstruksiya edilir.

Türk dilləri mədəni və coğrafi baxımdan çox geniş və şaxələnmiş bir dil ailəsidir. Bu dillər arasında həm çoxsaylı oxşarlıqlar, həm də fərqliliklər mövcuddur. Alim bu müxtəlifliyi elmi şəkildə sistemləşdirir və dialektlərin ədəbi dillərə inteqrasiyasının necə baş verdiyini öyrənir. Bu mənada əsər təkcə nəzəri dilçilik sahəsində deyil, həm də dilin praktik tədrisi və araşdırılması baxımından böyük əhəmiyyətə malikdir.

Türk dilləri ilə bağlı tədqiqat aparan hər bir dilçi bu monoqrafik tədqiqatdan faydalana bilər. Çünki bu əsər türkoloji dilçilik sahəsində əhəmiyyətli və dərin araşdırmaların aparılmasına zəmin yaradan fundamental tədqiqatdır.

Dil tarixi istiqamətində Mahmud Kaşğaridən üzü bəri çağdaş Azərbaycan dilçilərinin yaradıcılığı ilə bağlı uzun bir dövrü əhatə edən araşdırmalarında qarşıya qoyduğu problemə təkcə elmi istiqamətdə deyil, həm də metodiki istiqamətdən yanaşması Mahirə xanımın professional tədqiqat səriştəsi ilə yanaşı həm də peşəkar müəllimliyindən xəbər verir.

Mahirə xanımın milli-mənəvi dəyərlərə bağlılığı, vətənpərvərliyi, insansevərliyi həm də onun ürəyəyatımlı lirik yaradıcılığının ana xəttini təşkil edir. Bu ideoloji xətt şairənin vətənə, xalqa, millətə, dövlətçiliyə, milli yaddaşa söykənən yaradıcılığının hər səhifəsində, hər sətrində təcəssüm olunur. Mahirə xanımın poeziyasının, prozasınının, eləcə də publisistikasının özəyində Ana - Vətən - torpaq - yurd sevgisi dayanır.

"Mənim anam" (2006), "Su at dalımca, Ana" (2006), "Ana sevgisindən doğan nəğmələr" (2008), "Yaşadacaq anam məni" (2009), "Ömrün çıraqdır sənin" (2010), "Analı dünyam" (2015), "Haqqa çağıran səs" (2015) kitablarında toplanan ədəbi nümunələri oxuduqca ana məhəbbətinin müqəddəsliyi, Ana - Vətən; Vətən - Ana məfhumlarının şairənin təhtəlşüurunda bütövləşdiyini görürük.

Xalqın, millətin, toplumun birliyi, milli kimliyi həm o xalqın, millətin mənsub olduğu ana dilinin saflığında, təmizliyində ehtiva olunur.

"Orxonlardan üzü bəri yazın qalıb

Altaylardan Balkanlara izin qalıb" –

deyən Mahirə xanımın "Dilimiz varlığımızdır"(2021), "Ruhuna beşiksə, tanı, Vətəndir" (2017), "Salam olsun" (2021) kitablarında toplanan şeirləri ana dilinə - dövlət dilinə, Vətəninə əsgər sədaqəti ilə bağlı olan ziyalı bir xanımın könül çırpıntılarıdır.

Millətin taleyüklü məsələlərində Mahirə xanımın susmaması, sözünün yetdiyi, gücünün çatdığı bütün məqamlarda milli təəssübkeşlik hissi təkcə yazılarında deyil, hətta müsahibələrində də özünü açıq-aydın göstərir. Müsahibələrinin birində jurnalistin: “Bəzən yaşadıqlarımızı göstərmək üçün mübaliğələr belə acizdir. Bəs haqqın tərəzisi?! Görə-görə kor olmaq olurmu?” – sualına şairə belə cavab verir: “- Hə, bu, xəyalən min dəfələrlə olduğum, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının − özü elə böyük olmayan bir qəsəbənin dünya boyda dəhşət mənzərəsidir… O mənzərədə insanlığını itirən kəsin ən vəhşi heyvandan belə amansız olduğunu görmək olar… O mənzərənin vəhşəti insanın qəlbində Allahın özünə belə etiraz nidaları yaradır. Yox, söhbət ancaq ondan getmir ki, bu amansız cinayəti törədən erməni millətindən olan qatillərə qərinələrlə bir millətə − türklərə qarşı aşılanmış nifrət hissi impuls verib… Söhbət ondan gedir ki, həmin gecə ancaq azərbaycanlı olduqlarına görə amansızlıqla öldürülən, içərisində körpələrin və qadınların da olduğu 613 nəfərin qanı laxtalanmayıb… Şəxsən mən hesab edirəm ki, o qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır və Xocalı ədaləti bərqərar olmayınca, o qan laxtalanmayacaq”.

Bəli, bu ləyaqətli bir Azərbaycan qadının “Xocalıya ədalət” hayqıran narahat ruhunun, vicdanının səsidir.

Elə bir həssas qəlb, elə bir kövrək ürək, elə bir yanımcıl Ana ki, bu torpağın üstündə yavaş-yavaş addımlayın deyir hər kəlməsinin başında. Sanki hər sözünün əvvəlində-axırında bu torpağa qanı qarışanlara layiq yaşamalı olduğumuzu xatırladır bizə…

Burdan yavaş gedin, astadan keçin,

Qəbirlər titrəyər, daş dinə bilər,

Bir güllə gücünə sükut olanlar,

Bir addım səsinə diksinə bilər.

Mahirə xanım milli qürur hissimizi özümüzə qaytaran, ilahi ədaləti bərqərar edən, dünyaya gücümüzü, bütövlüyü, birliyimizi sübut edən, Vətənimizin ərazi bütövlüyünü təmin etmək üçün öz talelərini yarıyolda qoyan gənclərə həssas ana qəlbiylə yanmaqla bərabər həm də onların cəsarəti ilə qürur duyur:

Yerə qan tökdülər, ruh göyərtdilər

Tarixi yazdılar vətən daşında.

Minillik xalqlara dərs öyrətdilər

Bu ərən oğullar cavan yaşında.

Şəhid nəğməsi” adlı şeirdən nümunə gətirdiyimiz bu misralarda isə müəllif şəhidlərimizin Ana torpağa əmanət olunduğu yeri sadəcə bir ziyarətgah hesab etmir, həm də millətin ən müqəddəs məbədgahı, qutsal ünvanı kimi uca dəyərləndirir:

Şəhidlər! Şəhidlər! Öz canınızla,

Bizə yol açdınız, dövran verdiniz.

Millətə diz çöküb baş əymək üçün,

Şərəfli, müqəddəs ünvan verdiniz.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi və rəşadətli Azərbaycan Ordusunun 44 günlük Haqq savaşındakı tarixi zəfəri, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması, üçrəngli hilalımızın azadlıq rəmzi kimi Qarabağda, Zəngəzurda dalğalanması bu gün Mahirə xanımın yaradıcı ruhunu və həssas ürəyini qələbə ruhlu yeni əsərlər yaratmağa səsləyir. Bu əsərlərdə tarixi Zəfər qazanmış məğrur xalqımızın əyilməzliyi, əzəməti və milli birliyi bədii və elmi təfəkkürün işığında aydın şəkildə öz ifadəsini tapmışdır.

Ürəkdən inanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində Mahirə xanım uzun zaman dualarında dilədiyi Qarabağ zəfərinin sevincini yaşadığı kimi, illərlə həsrətində olduğu Qərbi Azərbaycana – ata -baba yurdu Dərələyəz mahalına dönməyin şükrünü və sevincini yaşayacaqdır.

Hörmətli Mahirə xanımı doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi, bədii və pedaqoji yaradıcılıq fəaliyyətlərində davamlı uğurlar arzulayıram!

Hörmət və ehtiramla: Cavanşir Feyziyev

Milli Məclisin deputatı, fəlsəfə doktoru

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum