MƏHƏMMƏD FÜZULİNİN POEMALARININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ
Filologiya elmləri doktoru, ADPU Türkoloji mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri, TÜRKSOY kafedrasının üzvü Prof. Dr. Elman Guliyev Türk Dünyası Stratejik Araştırmalar Merkezi (TARSAM)'da makaleleri yayınlanmaya başlamıştır. Prof. Dr. Elman Guliyev'e Türk dünyasına yapmış olduğu katkı ve hizmetlerinden dolayı teşekkür ederiz. https://www.tarihistan.org/
MƏHƏMMƏD FÜZULİNİN POEMALARININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ

Prof. Dr. Elman Guliyev
Özet
Anahtar kelimeler: M.Füzuli, poema, alleqorik, bəşəri, mövzu
GİRİŞ
Azərbaycan ədəbiyyatının sönməyən günəşi M.Füzulinin yaradıcılığı təkcə vətənində deyil, bütün Şərq və Qərb ədəbiyyatını öz fövqünə almaq gücünə malik olan bir sirli xəzinədir. Füzuli yaradıcılığı janr və forma baxımından zəngin olduğu kimi, məzmun baxımından da bəşəriliyi, bədii-fəlsəfi mahiyyəti ilə seçilir. Onun yaradıcılığında poemalarının xüsusi yeri vardır. M.Füzuli «Leyli və Məcnun», «Bəngü Badə», «Söhbətül-əsmar», «Həft cam» adlı dörd poema müəllifidir. «Həft cam» istisna olmaqla digər üç poema Azərbaycan dilində yazılmışdır. «Leyli və Məcnun» poeması Füzuli yaradıcılığının şah əsərlərindən biridir. Əsər 1537-ci ildə yazılmışdır. Füzuli bu əsərini Sultan Süleyman Qanuniyə ithaf etmişdir. Füzuli “Leyli və Məcnun” poemasını “Rum zəriflərinin” xahişi ilə yazdığını qeyd edir. Şair bu barədə əsərin yazılma səbəbləri hissəsində məlumat verir:
Leyli-Məcnun əcəmdə çoxdur,
Ətrakda ol fəsanə yoxdur.
Təqrirə gətir bu dastanı,
Qıl tazə bu əski bustanı.
Bildiyimiz kimi, “Leyli və Məcnun” mövzusu Şərq ədəbiyyatı üçün ənənəvi mövzu olmuşdur. Füzulidən əvvəl Nizami, Dəhləvi, Nəvai, Cami, Zəmiri, Həqiri və b. bu mövzuda əsərlər yazmışlar. Lakin Füzuli bu əsərlərdən xəbərdar olsa da, yalnız Nizaminin “Leyli və Məcnun” poemasının süjet və epizodlarına yaradıcı yanaşaraq onlardan bəhrələnmişdir. Füzulinin bu mövzuya ərəb əfsanəsi tipində yaradıcı yanaşması faktını da inkar etmək mümkün deyil. Ancaq bütün hallarda Füzuli özünün “Leyli və Məcnun”unu orijinal sənət nümunəsi səviyyəsinə qaldırmışdır. Füzuli Ə.Nəvainin 1484-cü ildə yazmış olduğu “Leyli Məcnun”undan sonra eyni adlı poemanın anadilli möhtəşəm nümunəsini yarada bilmişdir. Əsərin süjeti məhəbbət mövzusu üzərində qurulmuşdur. Əsas mövzu və hadisələr Leyli və Məcnun obrazları ətrafında cərəyan etdirilir. Əsərdə problemə şəxsiyyət azadlığı kontekstində münasibət bildirilir. Füzuli Məcnunun baxışları ilə cəmiyyət qanunları arasındakı ziddiyyəti göstərmək istəyir. Bu təqdimatda yeni baxışlar ilə mühafizəkar köhnəliyin toqquşması yer alır. Məcnunun azad düşüncəsi yaşadığı cəmiyyətə sığmır. Qeysin “Məcnuna” keçidi bu qarşıdurmada reallaşır. Füzuli Məcnunun dəliliyində intibah dövrü insanının fikirlərini əks etdirir. Buna görə də Məcnunun “bəlayi-eşq” fəlsəfəsi təəccüblü görünmür:
Ya rəb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Yəni ki, çox bəlalərə qıl mübtəla məni!
Əsərdə qadın hüquqsuzluğu məsələsi ciddi yer tutur. Leyli obrazının xarakteri daha çox bu problem daxilində açılır. Poemada Leyli ilə Məcnunun sevgi yolu məktəbdən başlayır. Bu yol onların hər ikisi üçün uzun və əzablı olur. Qeysin sevgisi “məcnunluq” , Leylinin sevgisi isə “cinayət” dərəcəsində qiymətini alır. Füzuli bu sevgini zamanın qaydaları ilə üz-üzə saxlayır. Şair bu mühiti sevgiyə və azad düşüncəyə münasibətdə xarakterizə edir. Yəni sevmək, azad düşüncə sahibi olmaq həm “cinayət etməkdir” , həm “məcnunluqdur”, həm də rüsvay olmaqdır:
Faş oldu bu macəra cəhanə,
Kim Qeys oluban əsiri-Leyli,
Leyli dəxi salmış ona meyli.
Füzuli Leylinin anasının bu sevgiyə olan münasibətində qadın hüquqsuzluğunun , geriliyin yüksək həddə çatdığını göstərə bilmişdir. Onun qızının eşqi ilə bağlı gəzən söz-söhbətlərə reaksiyası zamanı üçün təəccüblü deyil :
Key şux! Nədir bu göftügulər,
Qılmaq sənə tə’nə eybculər?
Nəyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
Nəyçün sənə tə’nə edə bədgu?
Namusuna layiq işmidir bu?
Azad sevginin “namusa layiq iş olmadığı” bir cəmiyyətdə ananın həyəcanları başa düşüləndir.
Məcnuna cavab məktubunda Leylinin fikirləri qadın hüquqsuzluğunun tipik nümunəsinin göstəricisidir:
Mən gövhərəm, özgələr xiridar,
Məndə deyil ixtari-bazar.
Dövran ki , məni məzadə saldı,
Bilməm kim idi satan , kim aldı?
Füzuli iki gəncin sevgi faciələrini məkan olaraq qəbilədə və səhrada canlandırmaqla yeri gəldikcə ilahi eşqin fəzilət və fəlsəfəsindən də söhbət açır. Əsərin sonunda Leylinin ölümü Məcnunu irfan yolçusu olaraq fəzilət mərtəbəsinin ən uca məqamına qaldırır. Məcnun Leyliyə qovuşa bilmədiyi üçün Allahdan ölüm arzulayır. Məcnunun duası qəbul olunur. O, Leylinin qəbri üstündə ölür və Leyli ilə eyni qəbrdə dəfn edilir.
Poemada diqqəti cəlb edən obrazlardan biri də Nofəldir. Füzuli onu türk sərkərdəsi kimi təqdim edir. Təbii ki, bu təqdimatın özü də məqsədli xarakter daşıyır. Füzulinin məqsədi Nofəlin simasında türk xarakterində olan mərdlik və şücaəti qabartmaq olmuşdur. Nofəlin Məcnunun halına acıması və qızı ona almaqda xeyirxahlıq etmək, mərhəmət göstərmək niyyəti deyilənlərə misal ola bilər. Lakin Nofəl iki gənci qovuşdura bilmir.
M.Füzulinin «Leyli və Məcnun»undan başqa qalan üç poeması alleqorik səciyyə daşıyır. «Bəngü Badə» alleqorik poemadır. Poemada əsas mətn Azərbaycan türkcəsində, sərlövhələr isə farsca yazılmışdır. Poema Şah İsmayıl Xətaiyə həsr edilmişdir. «Bəngü-Badə» minacat, nət, İmam Əlinin və Ş.İ.Xətainin mədhi ilə başlayır. Əsərdə təhkiyəni müəllif özü aparır. O, baharın gözəl çağında çəmənzara seyrə çıxdığını, Badənin düzəltdiyi məclisə rast gəldiyini söyləyir. Badə içib məst olandan sonra özünü öyür və hamıdan üstün olduğunu söyləyir. Lakin məclisdə saqilik edən Səba isə ona yaltaqlanaraq deyir ki, mən dünən seyrə çıxmışdım. Dikbaş yaşılpaltar, sufixasiyyət birini gördüm. Özünü tərifləyib hamıdan üstün olduğunu söyləyirdi. Bu xəbər Badəni qəzəbləndirir, özündən çıxarır. Badə Səbaya əmr edir ki, gedib Bəngin başını gətirsin, dost-yoldaşını isə dustaq eləsin. Saqi tutduğu işə peşman olur. Bəhanə ilə bu işdən boyun qaçırır. Bəhanədən pərt olan Badə onu dustaq edir:
Badə tünd oldu təəllüldən,
Bir qərəz anladı təğafüldən,
Saqiyi tutdu Mey, yaman tutdu,
Belə tutar kimi ki, qan tutdu.
Oldu saqi Meyin giriftarı,
Faş edən böylə olur əsrarı.
Badə nədimləri ilə məsləhətləşir. Onlardan tədbir istəyir. Bəngin yanına elçi göndərməyi lazım bilir. Buzəni elçi sifətilə Bəngin yanına göndərir. Ona tabe olmaq təklif olunur. Lakin Bəng heç bir təklifi qəbul etmir. Nəhayət, Badə ilə Bəng döyüşməli olurlar. Noğulun və Məvizin (kişmiş) sülh təşəbbüsləri baş tutmur:
Mey edir: — Mən nəbireyi-takəm!
Bəng edir: — Sən pəlidü mən pakəm!
Mey edir: — Mən nədimi-sultanəm!
Bəng edir: — Mən bir əhli-tufanəm!
Mey edir: — Hakimi-həvasəmü huş!
Bəng edir: — Sufiyəm mən əzrəqpuş!
Mey edir: — Mən şəfəq kimi aləm!
Bəng edir: — Mən sipehr timsaləm!
Mey edir: — Xoş mənimlədir aləm!
Bəng edir: — Qütbi-aləməm mən həm!
Mey edir: — Qəmli xəlqə qəmxarəm!
Bəng edir:— Səncə mən dəxi varəm!
Gərgin döyüşdə Bəng məğlub olur. Badə əsir götürdüyü Bəngi və onun tərəfdarlarını azad edib qulluğa götürür. Ancaq Bəng fürsət tapıb qulluqdan qaçır. İndi o, hər yerdə qorxa-qorxa gəzir. Əsər bu cür tamamlanır.
M.Füzulinin ana dilində yazılmış ikinci alleqorik poeması «Söhbətül-əsmar»dır. «Söhbətül-əsmar»ın süjetində, ruhunda və poetik təhkiyəsində “Bəngü-Badə” ilə oxşarlıq var. Hadisələr nağılçının dili ilə nəql olunur. Nağılçı danışır ki, baharın gözəl bir çağında gəlib bir bağa çıxır. Burada o, görür ki, bağdakı müxtəlif meyvələr bir-biriləri ilə mübahisə edirlər. Meyvələr bir-birini ittiham etməkdən və günahlandırmaqdan çəkinmirlər. Poemada Alça, Alu, Gilas, Ərik, Alma, Armud, Üzüm, Heyva, Narınc, Turunc, Nar, Xurma, Badam, Püstə və s. mübahisə edən alleqorik obrazlar sırasındadır.
Əsər dialoqlar üzərində qurulur. Mükalimələr kifayət qədər çevik və dinamikdir. Hər bir obrazın eqoizmi və xudbəsəndliyi açıq-aydın görünür:
Şəftalu deyərdi: - Padişahəm,
Fıstıq ki: – Əncüm içrə mahəm.
Həm Cövz deyərdi: – Xosrovam mən.
Fındıq deyərdi: – Sərvərəm mən.
Limu ki: – Mənəm bu bağa mahmud.
– Şaham ki, deyərdi Şahpalud.
Həm Cövz deyərdi: – Pəhlivanam,
Əncir ki: – Şöhreyi-cahanam.
İnnab deyərdi: – Mən vəcihəm.
Zoğal ki: – Mən sənə şəbihəm.
Buradakı mübahisədən təngə gələn xücəstəsima bağdan uzaqlaşıb bostana gəlir. Amma burada da oxşar mənzərə ilə rastlaşır. Xiyar, Yemiş, Qarpız, Şamama və b. meyvələr mübahisə edərək özlərini öyürlər.
Poema şərti olaraq iki hissədən ibarətdir. Birinci hissədə hadisələr bağda , ikinci hissədə isə bostanda cərəyan edir. Bağdakı və bostandakı hadisələrin mahiyyəti oxşar olsa da, nəticə fərqlidir. Professor Yaqub Babayevin dediyi kimi , “müəllif sanki bağdakı mənzərə ilə rəiyyəti, kütləni, bostandakı mənzərə ilə sarayı nəzərdə tutmuşdur. Bağda imtiyaz sahibi, inzibati rəhbər yoxdur. Hamı hüquqca bərabərdir. Ona görə də buradakı söz-söhbət, mübahisə sakit, qansız-qırğınsız ötüşür. Ancaq sarayın analoqu olan bostanda hökm-fərmalıq, amiranəlik atmosferi hökm sürür. Burada buyuran və buyruqçu, ixtiyarlı və ixtiyarsız vardır. Qovun şahdır. Adı çəkilən bostan meyvələrini də vəzifələrə o təyin etmişdir. Vəzifəcə hamıdan üstündür, başqalarının mənsəbi də onun sərəncamındadır. Elə buna görə də bostançıya əmr verir ki, onların hamısını cəzalandırsın. Hökmü zabitəli şəkildə icra etdirir. Qeyzindən, hiddətindən öz başını da partladıb həlak olur. Beləliklə, bostandakı hadisələr hüquqlu-hüquqsuz münasibətlərinə, qəzəb və hiddətə əsaslandığından qan-qırğınla, faciə ilə nəticələnir. Əsərdə sənətkar ilk növbədə «Bəngü Badə»də olduğu kimi xudpəsəndliyi, lovğalığı, təkəbbürü, yersiz eqoizmi, səmimiyyətsizliyi tənqid edir.”
Füzulinin «Yeddi cam» poeması fars dilində yazılmışdır. Əsər «Saqinamə» adı ilə də tanınır. Poema məsnəvi formasında qələmə alınmışdır. Füzuli bu əsəri yazarkən N.Gəncəvinin «Yeddi gözəl» poemasından da faydalanmışdır. Ona görə də hər iki əsərin forma-struktur xüsusiyyətlərində müəyyən oxşarlıqlar mövcuddur.
«Yeddi cam»da Füzulinin «vəhdəti-vücud» fəlsəfəsi ilə əlaqəli görüşləri yer almışdır. Əsərdə hadisələr şairin dilindən verilir. Əsərdə göstərilir ki, elm və hikmət sahibi olan şair səbəbini anlamadığı iztirab və dərdə məhkumdur. O, bunun səbəbini öyrənmək məqsədilə ağıllı piri-muğana üz tutur. Ondan düçar olduğu zülmün səbəbini soruşur. Piri-muğan bunun səbəbinin əqldə olduğunu söyləyir :
Əql ilə ələm, bil ki, əkizdir bu cahanda,
Əqlin yoxalırsa, gedəcək ahü fəğan da.
Meydən tələb eylə, məzədən istə dəva sən,
Gəz, badədə axtar həmişə, dərdə şəfa sən.
Piri-muğan ağılı tərk etməyin yeganə yolu kimi mey içməyi tövsiyə edir. Şairə həftənin hər günü şərab içib səma cismi ilə ünsiyyət qurmağı məsləhət bilir. Beləliklə , şair hər gün bir cam mey içərək bir musiqi aləti ilə həmdəm olur və Günəş, Ay, Mərrix (Mars), Ütarid, Bürcis, Zöhrə və Zühəldən kömək istəyir.
Füzuli nəzm ustadı olmaqla bərabər, müqtədir nasir kimi də klassik Azərbaycan nəsrinin inkişafında da mühüm rol oynamışdır. «Rindü Zahid», «Səhhət və Mərəz», «Beş nəsr məktubu» («Şikayətnamə» də daxil olmaqla), «Hədiqətüs-süəda» əsərləri Füzulinin dəyərli nəsr nümunələridir. Füzulinin nəsr əsərləri Azərbaycan və fars dillərində yazılmışdır.
Füzulinin nəsr nümunələri içərisində Nişançı Paşaya ünvanlanmış və əsasən, «Şikayətnamə» adı ilə tanınan məktub daha çox məşhurdur. «Şikayətnamə» avtobioqrafik əsərdir . Əsər qafiyəli nəsrlə yazılmış, bədii ifadə imkanlarını artırmaq üçün bəzi hallarda şeir parçalarından da istifadə olunmuşdur. «Şikayətnamə» tarixi həqiqətləri əks etdirmək baxımından əhəmiyyətlidir. Əsərdə hadisələr Osmanlı hökmdarı Sultan Süleyman Qanuninin Füzuliyə Bağdadın ovqaf idarəsindən ayda doqquz ağça təqaüd təyin edilməsi barədə verdiyi baratla bağlanır. Füzuli həmin təqaüdü almaq üçün ovqaf idarəsinə getsə də, təqaüdü ala bilmir. Buna görə şair məktubla Nişançı Paşaya müraciət edir. Şikayət məktubunun məzmun və ideyası real tarixi həqiqəti tam şəkildə əks etdirir. Qeyd edək ki, Füzuli sultanın qərarından məmnun qaldığı üçün sultanı yüksək dərəcədə tərif edir. Bu azmış kimi şair baratın özünə də tərif yağdırır, şəninə ibarəli sözlər deyir. Füzuli Sultan Süleyman Qanunini dövlətin hamisi kimi tərif edir. Bu zaman o, Quran ayələrindən də geniş şəkildə istifadə edir. Deyilən təriflər , hökm sürən ədalət, nikbin əhvali-ruhiyyə əsərin birinci hissəsinə aiddir. “Şikayətnamə” əsərində birinci hissədəki nikbinlik ikinci hissədə kədər motivi ilə əvəzlənir. Hər şey ovqaf idarəsinə gedəndən sonra başlayır. Təyin olunan pul ovqaf idarəsinin işçiləri tərəfindən verilmir. Füzuli bu səhnələrdə məmur özbaşınalıqlarını tənqid edir.
Füzuli ovqaf idarəsinə gələn vətəndaşlara münasibətdə təmənna və etinasızlığı kəskin tənqid edir: «Salam verdim – rüşvət deyildir deyü almadılar. Hökm göstərdim – faidəsizdir deyü mültəfit olmadılar» – sözləri bu cür tənqidi münasibətin bariz nümunəsidir. Ovqaf idarəsinin işçiləri ilə şair arasındakı mükaliməni anarxiyanın, özbaşınalığın, rüşvətxorluğun tipik nümunəsi hesab etmək olar:
Dedim: — Bəratımın məzmunu nə üçün surət bulmaz?
Dedilər: — Zəvaiddir, hüsuli mümkün olmaz.
Dedim: — Böylə övqaf zəvaidsiz olurmu?
Dedilər:— Zəruriyyati-asitanədən ziyadə qalırsa, bizdən qalırmı?
Dedim: — Vəqf malın ziyadə təsərrüf etmək vəbaldır.
Dedilər: — Ağçamız ilə satın almışız, bizə həlaldır.
Dedim: — Hesab alsalar, bu sülukunuzun fəsadı bulunur.
Dedilər: — Bu hesab qiyamətdə alınır.
Dedim: — Dünyada dəxi hesab alınır xəbərin eşitmişiz.
Dedilər: — Ondan dəxi bakimiz yox, katibləri razı etmişiz.
Mükalimədəki sual-cavablar ölkədəki rüşvətxorluğun, özbaşınalığın yüksək həddə çatdığını göstərir. Əsərin üçüncü hissəsində yenidən baratın təsviri verilir. Göstərilir ki, mən baratdan təhqir və əziyyət gördüyüm üçün ondan utanır, ona nifrət edirdim. O isə mənə bəla və əziyyət verdiyi üçün məndən xəcalət çəkirdi:
Mən ona fitnə, ol mənə afət,
Mütənəffir mən ondan, ol məndən.
Mən ona qüssə, ol mənə möhnət,
Mütənəkkir mən ondan, ol məndən.
«Şikayətnamə» satirik nəsrimizin mükəmməl nümunəsi hesab olunur. Əsərdə qanunsuzluğa, özbaşınalığa, bürokratiyaya, rüşvətxorluğa qarşı kəskin etiraz nümayiş etdirilir.
KAYNAKLAR
• Əlibəyzadə E. M. Azərbaycan dilinin tarixi. İki cilddə. II cild. Bakı: Azərnəşr, 2008, s. 152-215.
• M.Füzuli əsərləri .Altı cilddə .II cild. Bakı 2005
*Azerbaycan, Bakü
Azerbaycan Dövlet Pedagoji Üniversitesi
Türkoloji merkezin Türk edebiyatı bölümünün başkanı









FACEBOOK YORUMLAR