İsa Gamber: MSDM: Rusiyanın işğal siyasəti davam edir

İsa Gamber: MSDM: Rusiyanın işğal siyasəti davam edir
30 Nisan 2021 - 17:09

1920-ci il 27-28 apreldə Rusiyanın Azərbaycanı yenidən işğal etməsindən 101-ci il keçir. Azərbaycan Cümhuriyyətinin süqutuna, 100 minlərlə vətəndaşımızın məhvinə, ərazilərimizin parça-parca dövlətimizdən qoparılmasına, ölkəmizin çağdaş dünyadan təcridinə, dilimizə, dinimizə, mədəniyyətimizə, milli kimliyimizə dəhşətli zərbələr vurulmasına gətirib çıxarmış bu işğal tariximizdə ilk olmadığı kimi təəssüf ki, son da olmadı.
Elçibəy və silahdaşları 1991-ci il oktyabrda Rəsulzadə və silahdaşlarının qurduğu cümhuriyyəti bərpa etməyə, 1993-cü il mayda rus ordusunu ölkəmizdən çıxarmağa nail olsa da 2020-ci ilin noyabrında rus soldatı yenidən Azərbaycan torpaqlarına soxuldu.

Milli Strateji Düşüncə Mərkəzi 10 noyabr 2020-ci ildə Rusiya, Ermənistan, Azərbaycan birgə bəyanatına münasibətində bildirmişdi ki,
“Rusiya ordusunun “sülhməramlı” adı altında Azərbaycan torpaqlarında— “təmas xəttində” və Laçın koridorunda–yerləşdirilməsi Konstitusiyamızın ruhuna və hərfinə zidd, müstəqilliyimizə təhlükədir.”

Ötən müddət bu təhlükənin nə dərəcədə böyük olduğunu aşkarlamışdır.

10 noyabr bəyanatında müəyyən edilmiş saydan bir neçə dəfə artıq Rusiyaya məxsus hərbi texnika və canlı qüvvənin bu ərazidə yerləşdirilməsi, Moskvanın bu ərazilərdə sülhməramlı missiya əvəzinə tam bir hakimiyyət strukturları yaratması, qanuna zidd separatçı rejimi qoruması və onun cinayətkar fəaliyyətinə rəvac verməsi, üçtərəfli bəyanatda konkret şəkildə nəzərdə tutulmasına zidd olaraq torpaqlarımızda erməni silahlı qüvvələrinin fəaliyyətinə imkan verməsi Rusiyanın hədəf və məqsədlərini kifayət qədər ifşa edır.

Hərbi əməliyyatların bitməsindən 6 aya yaxın vaxt keçməsinə baxmayaraq nəinki Rusiya nəzarətində olan torpaqlara, hətta öz nəzarətimizdə olan ərazilərə də vətəndaşlarımızın dönüşünün başlamaması, mina xəritələrinin əldə edilməməsi, Naxçıvan yolu proyektinin ləngiməsi kimi problemlərin yalnız obyektiv səbəblərlə izahı inandırıcı görünmür.

Bu problemlərin mövcudluğunda da Rusiya faktoru açıq-aydın ortadadır.

Əgər rəsmi Moskvanın Şuşaya atılmış Rusiya mənşəli İSKANDER-M raketləri haqda suallara cavab verməkdən yayınması, Azərbaycan torpaqlarında hərbi parad keçirməyə hazırlaşması, ölkəmizi milli maraqlarımıza uyğun olmayan Moskva mərkəzli avrasiya ittifaqlarına cəlb etməyə israrla davam etməsi də nəzərə alınsa vəziyyətin ciddiliyi şübhəsizdir.

MSDM hesab edir ki, Azərbaycan dövləti bu təhlükənin miqyasını dəqiq qiymətləndirməli, Rusiya dövlətinin işğalçı mahiyyəti və Rusiya hakim rejiminin işğalçı siyasətinə adekvat mövqe formalaşdırmalı, “sülhməramlı” adı altında fəaliyyət göstərən işğalçı ordunun ən qısa müddətdə ölkəmizdən çıxarılmasına yönəlik konseptual yanaşma müəyyənləşdirməlidir.

Azərbaycan hakimiyyəti isə konkret suallara Rusiyadan daha təkidlə cavab istəməli, əldə edilmiş razılıqlara tam əməl etməsini, Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasını, provokasion tədbirlərə son qoymasını qətiyyətlə tələb etməlidir.

https://kafkassam.com/


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum