Dr. Nazim Cafersoy: Elçibəy və Tənqidlər

Dr. Nazim Cafersoy: Elçibəy və Tənqidlər
19 Ocak 2021 - 17:11

Əvvəla, onu deyim ki, Elçibəy ölkədəki siyasilər içində tənqidə və fərqli fikrə ən dözümlü yanaşan insanlardan biri olub. Ancaq son dövrdə Azərbaycan milli hərəkatının lideri və Azərbaycan prezidenti olmuş mərhum Əbülfəz Elçibəyə dair yanaşmalar və onu Ermenistan baş nazirinə bənzətmək bir neçə baxımdan çox yanlışdır.

Məsələyə insanı baxımdan nəzər salsaq, əvvəla Əbülfəz bəy artıq rəhmətli olub, ona dair ittihamlara cavab verə bilmir. İkinci, bu mövzular Azərbaycan siyasətində gündəmə gəlib doğru vəya yanlış, yetərli vəya yetersiz məhrum Elçibəy bu ittihamlara cavab verib. Üçüncü, Azərbaycan milli ənənəsində vəfat etmiş insanın arxasından mənfi motivli nələrsə demək cəmiyyətdə qəbul olunan yanaşma deyil. Dördüncü, rəhmətlik Elçibəyə qarşı istifadə edilən üslub isə etik deyil.

Məsələyə, dövlətcilik baxımından baxsaq burda iki məqam var. Əvvəla, Azərbaycana dövlət müstəqilliyi gətirmiş xalq hərəkatın liderini düşmən ölkənin lideri ilə müqayisə etmək hər şeydən öncə bu dövlətin qurucusu xalqımıza və onu mübarizəsinə qarşı hörmətsizlikdir. Hələ bu paralelliyi məntiqi inkişafının bizim xalqın nəyə bənzətmək mənasına gəldiyini demirəm heç. İkincisi, Əbülfəz Elçibəy doğrusu ilə yanlışı ilə bu ölkənin prezidenti olub, bizim kimi dövlətçilik ənənələrinin zəif inkişaf etdiyi ölkədə dövlətin keçmiş və həm də vəfat etmiş birinci adamına lazımi hörmət və ehtiramı göstərmək lazımdır. Bu hörmət və ehtiram hər şeydən əvvəl onun zamanında xalqın dəstəyi ilə sahip olduğu məqamına hörmət və ehtiram göstərməkdir. Bu hörmət və ehtiramın göstərilməsi isə cəmiyyətə istiqamət verməkdə müəyyənləşdirildi rolu olan rəsmi şəxslərin, siyasətçilərin və ziyalıların vəzifəsi və məsuliyyətidir.

Üçüncü, siyasi baxımdan mərhum Elçibəyin mirasına iddialı olan partiyalar var. Əgər onun siyasi xəttini tənqid etmək istəyirsinizsə mirasa iddialı olan mövcud liderlər və siyasət anlayışları üzərindən tənqid etmək daha doğru və uyğundur. Siyasətdə keçmiş üzərindən edilən və üslubu da problemli olan tənqidlər həm də cəmiyyətin lazımsiz gərginləşməsinə, həm də mövcud problemlərin həlli yerinə keçmişə dair nəticəsi olmayacaq enerji xərclənməsinə səbəb olur. Faydali olan rəsmilərin və siyasətçilər keçmişi yox bugünü və gələcəyi danışmasıdır. Elm adamları isə bunu elmi müstəvidə tədqiq və səviyyəli müzakirə edə bilərlər.

Dördüncü, strateji baxımdan Elçibəyin Türkiyə ilə münasibətlər barədə dedikləri və maliyyətini siyasi olaraq ödədiyi hədəflər bugün tək-tek reallaşır. Bu mənada mərhum Elçibəy uyğun və xoş olmayanda formada tənqid edilsə də Türkiyə ilə münasibətlər barədəki fikir və arzularının hakimiyyətdə olduğunu demək yanlış olmaz.Digər tərəfdən, dünyanın gedişatı mərhum Elçibəyin Güney Azərbaycan və Türk dünyası barədə dediklərinin də gələcəkdə reallaşacağına dair güclü işarələr verir. Yəni Elçibəyi bu şəkildə ittiham etmək gələcəkdəki strateji hədəflərimiz üçün də uyğun bir addım deyil.
Dr. Nazim Cafersoy

KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

kafkassam.com

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum