Beynəlxalq Muğam Mərkəzində görkəmli alim-şair Mahirə Nağı qızı Hüseynovanın yaradıcılıq gecəsi keçirilib
Beynəlxalq Muğam Mərkəzində görkəmli alim-şair Mahirə Nağı qızı Hüseynovanın yaradıcılıq gecəsi keçirilib
Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə görkəmli alim və pedaqoq, sevilən şair və ictimai xadim, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Nağı qızı Hüseynovanın yaradıcılığına həsr edilmiş poeziya gecəsi keçirilib.
Təntənəli məclisin iştirakçısı olan elmi-mədəni ictimaiyyətin təmsilçiləri, rəsmi qurumların nümayəndələri əvvəlcə Mahirə Nağı qızı Hüseynovanın elmi-bədii yaradıcılıqğını əks etdirən kitablarla və illüstrativ materiallarla tanış oldular.
Tədbirin aparıcısı Mahirə Nağı qızı Hüseynovanın çoxyönlü elmi-pedaqoji və bədii yaradıcılığı, geniş ictimai fəaliyyəti barədə məlumat verib. Sonra alimin zəngin və mənalı ömür yolunu əks etdirən videosüjet nümayiş etdirilib.
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Mahirə Nağıqızının ömür yolunun ictimai önəm daşıyan yönlərinə nəzər salaraq onun qadın hərəkatında, uzun illərdən bəri qaçqın taleyi yaşayan soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı ilə bağlı təşkilatlanmada təşəbbüskar və səmərəli fəaliyyətini vurğulayıb, diqqətə çatdırıb ki, dilçi-türkoloq alim, elm və maarif təşkilatçısı kimi Mahirə xanım həm də Qərbi Azərbaycan Televiziyasında “Ziyalı” elmi-publisistik verilişin müəllifidir.
Mahirə xanımın incə ruhlu, yüksək amallı şeirlər müəllifi olduğunu xatırladan deputat onu da qeyd edib ki, onun poetik yaradıcılığında Vətən sevgisi, təbiət, məhəbbət və insanın ruhi-mənəvi dünyası aparıcı mövzulardır.
"Mahirə xanımın yaradıcılığında müxtəlif mövzular əks olunur. Bunlar vətən sevgisi, təbiət, ilahi məhəbbət, insanın ruh aləmi mövzularıdır. Lakin onun poeziyasında ən diqqətçəkən məqamlardan biri Vətənə olan sevgisidir. O, Vətən torpağının hər qarışını sevgi ilə tərənnüm edir. Mahirə xanımın yaradıcılığında Qarabağın 30 il müddətində işğal altında olduğu dövrdə elə bir guşəsi yoxdur ki, onunla bağlı şeir və ya hekayəsi olmasın. Bu gün isə artıq Qarabağ azaddır, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və bu tarixi zəfər Mahirə xanımın yaradıcılığında yeni bir mərhələnin başlanğıcıdır", - deyə Məlahət İbrahimqızı diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik İsa Həbibbəyli isə filoloq alimin ana dili və ədəbiyyatımızın aktual mövzularında məhsuldar araşdırmalarından, Qərbi Azərbaycanın mədəni irsinin qorunub yaşadılmasında fəal iştirakından, elmi kadrlar hazırlığında fəaliyyətindən söz açıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali məktəbin yetirməsi olan Mahirə Nağı qızı Hüseynovanın sevimli müəllimi, unudulmaz dilçi professor, şair və ictimai xadim Həsən Mirzənin elm, sənət və məslək yolunu uğurla davam etdirdiyini qeyd edib. O bildirib ki, orta məktəbdə müəllimlik fəaliyyətini sonrakı illərdə doğma universitetdə davam etdirən filoloq namizədlik və doktorluq dissertasiyaları müdafiə etmiş, dilçilik kafedrasında müdir, filologiya fakültəsində dekan işləmiş, hazırda prorektordur.
"Mahirə xanımın həm incə ruhluşair olması, həm alimliyi, həm də ki, gözəl pedaqoq olması özünü təşkilatçılıq sahəsində də göstərir. Bizim universitetin əməkdaşları təsdiqləyərlər ki, onun fəaliyyəti nəticəsində universitetimiz və onun bir müddət rəhbərlik etdiyi Filologiya fakültəsi həm tertibatına göre, həm də mahiyyətinə görə gözəl bir məkana çevrilmişdir. Mahirə xanım həm də yenilikçi bir insandır. 44 günlük Vətən Müharibəsindəki qələbədən sonra onun təşəbbüsi ilə Universitetimizdə zəfər gününə və şəhidlərimizin xatirəsinə həsr olunmuş stendlər yaradıldı. Bu stendlər tədbirlər zamanı gələn qonaqların ziyarət etdiyi yerə çevrilib. Onun təşəbbüsu ilə Filologiya fakültəsində "Meh" Ədəbi Dərnəyi yaranıb və burada universitetin istedadlı tələbələri gözəl işlər görürlər", - deyə Cəfər Cəfərov bildirib.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov Mahirə Nağı qızı Hüseynovanın milli dilçilik elminə verdiyi töhfələrdən, onun poetik dünyasında Ana, Ana dili və Ana Vətən anlayışlarının məfkürəvi təcəssümündən danışıb. Qeyd edib ki, şairin yüksək mənəvi dəyərləri incələyən onlarca şeirinə mahnı qoşulub və bu axşamkı yaradıcılıq hesabatı da həmin nəğmələrlə müşayiət olunur.
Tədbirdə digər çıxış edənlər bildiriblər ki, Mahirə xanım bu gün elmi fəaliyyəti ilə bərabər, ölkənin ictimai həyatında da fəal iştirak edir. Onun Qərbi Azərbaycan İcmasının fəaliyyətində də böyük əməyi var və Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və xaricində təşviq edilməsi istiqamətində intensiv fəaliyyət göstərir.
Çıxış edənlər onu da vurğulayıblar ki, çoxşaxəli və məhsuldar fəaliyyəti ilə tanınan professor Mahirə Nağı qızı Hüseynova 60-dan çox elmi əsərin, monoqrafiyanın, tədqiqat əsərlərinin müəllifidir. Bildirilib ki, bu əsərlərin bir çoxu müxtəlif dillərdə, xarici ölkələrdə nəşr edilib və tədris edilir.
Qeyd edək ki, müasir Azərbaycan poeziyasında Mahirə Nağıqızı imzası ilə tanınan və sevilən şair Türk dünyasının bir sıra universitetlərinin fəxri professorudur.
Mahirə xanımın 70-dən çox şeirinə musiqi bəstələnib.
Sonda çıxış edən Mahirə Nağıqızı təşkil olunmuş gecəni öz yaradıcılığının hesabatı kimi dəyərləndirib, elmi fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.
"Bu axşam çox qürurluyam, eyni zamanda, həyəcanlıyam. Beynəlxalq Muğam Mərkəzində keçirilən yaradıcılıq gecəsi mənim hesabatım kimi qəbul edildi. Bu gün sözə, elmə verilən belə dəyər məni daha məhsuldar çalışmağa ruhlandırdı. Qərbi Azərbaycan İcmasının üzvü olaraq Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qədim yurd yerlərimizə qayıtmaq uğrunda mübarizədə daha fəal iştirak edəcəyəm. Bundan sonra da gələcəyə böyük inamla yazıb-yaradacaq, tədqiqatlar aparacaq və sonrakı nəsillərin maariflənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Belə bir tarixi missiyaya xidmət etmək böyük şərəfdir", - deyə Mahirə xanım qeyd edib.
Gecədə şairin müəllifi olduğu şeirlər Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Aparıcı səhnə ustası, "Şöhrət" ordeni laureatı Nurəddin Mehdixanlı, Azərbaycan Respublikasının xalq artisti Sabir Məmmədov, bədii qiraətçi, gənc şair Xəzər Süleymanlı və başqaları tərəfindən səsləndirilib.
Tədbirdə həmçinin Mahirə xanımın sözlərinə bəstələnmiş mahnıları Azərbaycan Respublikasının xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, Azərbaycan Respublikasının əməkdar artisti Cabir Abdullayev, Az.TV- nin və Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədli, Leyla Rəhimova və başqaları ifa edərək onun yaradıcılığı barədə təsəvvürü daha da zənginləşdiriblər və mərasimə əlavə təntənə gətiriblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı
Aynurə ƏLİYEVA
FACEBOOK YORUMLAR