Azərbaycanlı şair, Əliqulu Qəmküsarın anım günü

Şair , gazeteci , halk adamı Aligulu Alakbar oğlu Necefov ( Aligulu Gamkusar ) 24 Mayıs 1880'de Nahçıvan'da doğdu.

Azərbaycanlı şair, Əliqulu Qəmküsarın anım günü
24 Mayıs 2023 - 10:49

Bu gün azərbaycanlı şair, publusist Əliqulu Qəmküsarın anım günüdür

Azərbaycanın tanınmış şairi, publisisti, "Molla Nəsrəddin" ədəbi məktəbinin görkəmli nümayəndəsi Əliqulu Qəmküsar (Əliqulu Ələkbər oğlu Nəcəfov) 1880-cı il 24 mayda Naxçıvanda doğulub. Atası Məşədi Ələkbər Hacı Nəcəf oğlu əvvəllər papaqçılıq, sonralar isə Culfa kömrükxanasında komissionçuluq edib. Ana babası Məşədi Əsəd "Məddah" təxəllüsü ilə şeir yazmışdır. Əmisi "Fani" təxəllüslü Məhəmməd Hüseyn Nəcəfov Naxçıvanın tanınmış şairlərindən idi.

Onun həyat və yaradıcılıq yolu haqqında az yazılmayıb. Müxtəlif illərdə mətbuat səhifələrində şair haqqında bir sıra irili-xırdalı məqalə və oçerklər çap edilib, dosent Lətif Hüseynzadə 1949-cu ildə "Əliqulu Qəmküsarın həyat və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə edib, 1976-cı ildə İslam Ağayevin "Əliqulu Qəmküsar", 2012-ci ildə isə Fərqanə Kazımovanın "Azərbaycan ədəbiyyatının "Cüvəllağı"sı" adlı monoqrafiyaları  çap olunub.

Əliqulu Qəmküsar səkkiz yaşından molla məktəbində ərəbcə və farscanı öyrənib. Hələ məktəbdə ikən şeir yazmağa başlayıb, 1892-ci ildə üç sinifli şəhər rus məktəbinə daxil olub, il yarım orada oxuyub. 1896-cı ilin əvvəlində, xəstə atası müalicə üçün Təbrizə gedir və Qəmküsarı da təhsildən ayırıb, özü ilə aparır. Dörd ay Təbrizdə qaldıqdan sonra atası vəfat edir. Ailəsinin qayğısı üzərinə düşdüyündən Qəmküsar dərsə davam edə bilmir. Təbriz mühiti şairin xoşuna gəlmir, təəssüratını bir şeirində belə ifadə edir:

Qurtarmadımı ağlamağın mövsimi, yarəb?
Hər gündə münacat olunur məscidimizdə.
Ağlar günə qaldıq, yenə əl çəkməyəcəklər,
Bu mərsiyəxanlar nə görüblər biləmizdə.

1897-ci ildə anası və dayısı ilə Xorasan ziyarətinə getməsi və orada gördükləri Qəmküsarda mövhumata qarşı olan fikirlərini daha gücləndirir.
Əliqulu Qəmküsar 1912-ci ilin axırına qədər Culfada və bəzən Naxçıvanda yaşayır.
1907-1909-cu illərdə İran inqilabı ilə yaxından maraqlanan şair bu mövzuda şeirlər çap etdirir.
1911-ci ilin sonlarında “Molla Nəsrəddin” jurnalı maddi cəhətdən böhran keçirərkən Əliqulu Qəmküsar qardaşını Tiflisə göndərərək Mirzə Cəlilə öz köməyini təklif edib. Lakin bu iş baş tutmayıb. Jurnal bağlanıb.

1912-ci ilin sonlarında Mirzə Cəlil Kəhrizdən Tiflisə qayıdıb. O, Qəmküsarı da Tiflisə dəvət edib və “Molla Nəsrəddin” jurnalına redaktor olmasını təklif edib. Bu təklif Qəmküsar üçün böyük mənəvi dəstək olur.
Beləliklə, Əliqulu Qəmküsar Naxçıvandan Tiflisə köçür. Şairin qızı Qəmər xanım bu barədə yazır: “Mirzə Cəlil bizi çox mehribanlıqla qarşıladı. Elə həmin gün Mirzə Cəlil atamla razılığa gəldilər ki, “Molla Nəsrəddin” jurnalının yenidən nəşrinə başlasınlar. Ancaq bir şərtlə: Jurnal iki redaktorun imzası ilə çap olunsun; Mirzə Cəlil Məmmədquluzadə və Əliqulu Nəcəfov.”

Jurnalda Qəmküsarın adı 1913-cü ilin 6-cı nömrəsində yazılıb. Bu hadisə rəğbətlə qarşılanıb. “Molla Nəsrəddin”in bütün Yaxın Şərq ölkələrində yayılmasında teatr və aktyorluq sənətinin inkişafında, ictimai fikrin formalaşmasında Əliqulu Qəmküsarın da əvəzsiz xidmətləri olub.
Eyni zamanda "Molla Nəsrəddin" jurnalı Əliqulu Qəmküsar üçün böyük imkanlar yaradır.

1916-cı ilin may ayında jurnal müvəqqəti olaraq dayandırılır. Qəmküsar Mirzə Cəlil ilə birlikdə səyahətə çıxır. "Ölülər" komediyasını səyahətdən əvvəl Bakıda, sonra Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərində oynayırlar. Qəmküsarın "Ölülər"də Şeyx Nəsrullah rolunu böyük bir məharətlə oynaması məşhurdur.

Əluqulu Qəmküsarın əsərləri, publisistik yazıları təkcə "Molla Nəsrəddin" jurnalında deyil,  "Yeni füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda da çap olunub.
Əsərlərini "Otaylı", "Cüvəllağı", "Cüvəllağı bəy", "Sarsaqqulu bəy", "Qəmküsar" və başqa imzalarla nəşr etdirib.

Ə.Qəmküsar 1919-cu ildə, martın 4-də axşam evinə qayıdarkən menşeviklər tərəfındən öldürülüb və Tbilisinin botanika bağının ərazisində yerləşən müsəlman qəbiristanlığında dəfn edilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı, Aynurə ƏLİYEVA

 


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum