Azərbaycanın görkəmli satirik şairi - Mirzə Ələkbər Sabir

 Azərbaycanın görkəmli satirik şairi - Mirzə Ələkbər Sabir
30 Mayıs 2023 - 21:10 - Güncelleme: 30 Mayıs 2023 - 21:13


Azərbaycanın görkəmli satirik şairi - Mirzə Ələkbər Sabir

Azərbaycanın görkəmli satirik şairi, mütəfəkkir, ictimai xadim və müəllim Mirzə Ələkbər Sabir 30 may 1862-ci ildə Şamaxıda anadan olmuşdu. Əvvəlcə mollaxanada oxumuş, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə davam etdirmişdi. Bu məktəb onun üçün faydalı olmuş, biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Belə ki, müəllimi Seyid Əzim, Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir və onu istiqamətləndirir, eləcə də onun tərcümələri ilə yanaşı orijinal şeirlərini də oxuyub redaktə edirdi. Sabirin ilk məlum tərcüməsi Sədinin Gülüstan əsərindən "Didəm güli-tazə çənd dəstə" misrası ilə başlanan mənzum hekayənin bir parçasıdır. Ələkbərin həmin parçadan etdiyi tərcümə belə başlayırdı:

"Gördüm neçə dəstə tazə güllər,
Bağlanmış idi giyah ilən tər."

Daha sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Bununla belə Ələkbər yenə də oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən daha çox oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıbmış.
Sabir 23 yaşında ikən ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və başqa Xorasan şəhərlərini gəzir. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.
İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir . On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Amma ailəsi zəlzələ nəticəsində vəfat etmişdir.Bir müddət sabun bişirib satıb, bədii yaradıcılıqla da məşğul olurdu.
1902-ci ildə baş vermiş dəhşətli Şamaxı zəlzələsi zamanı Sabirin evi də dağılmışdı.
Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş imamı olmuş Hacı Məcid Əfəndi ilə dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.
XIX əsrin sonu, XX əsrin ilk illərində ailə problemləri olan Sabir şeirdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin o zaman Sabirə mənəvi cəhətdən böyük kömək etmişdi. Onlar Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub təhlil və müzakirə edirdilər.
XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-rus" qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri oldu. Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yarandı.
1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmağı dayandıraraq, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət İrşad qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz Şeyxülislamı İdarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, bir müddət Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir. Həmin ilin sentyabr ayında Sabir "Ümid" məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsulda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.
1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə Zənbur jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı "Nicat" məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin"ə də yazmaqda davam edir.
1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edir.
İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin o buna razı olmur və Şamaxıya qayıdır.
Böyük şair 1911-ci il iyulun 12-də vəfat edir. Məzarı Şamaxıda “Yeddi günbəz” qəbiristanındadır.

Mirzə Ələkbər Sabirin yaradıcılığı zəngindir. O, müxtəlif mövzularda şeirlər yazmışdır. Şairin “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin” şeirləri vaxtilə çox məşhur idi. O, uşaqları da yaddan çıxarmamış, onlar üçün “Gəl, gəl a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və digər şeirlər yazmışdı.
Sabirin vəfatından bir il sonra, 1912-ci ildə onun şeirləri “Hophopnamə” adı ilə çap olunmuşdur. Kitabın belə adlandırılması şairin “Hophop” imzası ilə əlaqədardır. Oxucular "Hophopnamə" kitabını hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsi ilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı.
Qeyd edək ki, Sabir ilk şerlərini Şərqin Firdovsi, Sədi, Füzuli kimi böyük klasiklərinin təsiri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsasən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür.
Onun XXI əsrin axırı, XX əsrin əvvəlində yazdığı lirik şerlərin bir qismi ictimai mövzudadır. Məhəbbət və gözəllik dünyasında yaşayan Aşiqdən fərqli olaraq, buradakı lirik qəhrəman mübarizə meydanında çarpışan müdrik və atəşin vətəndaşıdır. Onun arzusu “dilbər-i hürriyət”ə çatmaqdır. Mövcud cəmiyyətin ziddiyətlərini dərindən başa düşən bu qəhrəman üçün həyat zindandır:

Mən bələ əsrarı qana bilmirəm,
Qanmaz olub dayana bilmirəm.
Neyləməli, göz görür, ağlım kəsir,
Mən günəşi göydə dana bilmirəm.
Derlər usan, hərzə-vü hədyan demə,
Güc gətirir dərd, usana bilmirəm!

Şairə görə dünyada insan ya avam olmalı, şüursuz, idraksız, duyğusuz bir ömür keçirməli, ya da mübarizə aparmalı, həqiqi həyata çatmalıdır. Sabirin lirik qəhrəmanı min bir əzab və əziyyətə düşsə də, şüurlu, mübariz bir həyat keçirməyi üstün tutur. Şüur, düşüncə, duyğu isə onun nəzərində həyat, azadlıq, xoşbəxtlik uğrunda mübarizə onun üçün əsas amillərdəndir.
Bədii yaradıcılığa lirik şerlərlə başlayan və sonralar da bir çox lirik şerlər yazan M. Ə. Sabir ədəbiyyat tarixində dahi satirik kimi məşhurlaşmışdır. Zəmanə onu 1905-ci il inqilabının sənətkarları sırasına daxil edərək, uzun zaman təbiətində gizli qalan böyük bədii iqtidarı üzə çıxarmışdır.
Sabirin satirik üslubu birdən-birə formalaşmamışdır. Bu nöqtəyə çatana qədər o, uzun bir hazırlıq mərhələsi keçmişdir. Hələ çox-çox əvvəllər gənc şair mürtəce adamlara, gərilik və mövhümata tənqidi yanaşmağa başlamışdı. 1905-ci il inqilabı isə Sabirin dünya baxışında və bədii yaradıcılığında əsaslı dönüş əmələ gətirmişdir. Şair inqilabi hərəkata rəğbət bəsləmək, özünəməxsus üslubda ideyalar təbliğ etmək dərəcəsinə yüksəlimişdir. Əsərlərində ictimai məzmun, siyasi pafos güclənmiş, onda vətənpərvərlik, inqilabi-demokratik ideyalar, yüksək mənada xəlqilik xüsüsiyətləri qüvvətlənmişdir.
Sabirin bədii forma sahəsində də böyük bir novator səviyyəsinə qaldıran, onun əsərlərini demokratik bədii formanın parlaq timsalına çevirən yenə həmin tarixi dövr - 1905-ci il inqilabı olmuşdur.
1905-ci ilin şüurlarında əmələ gətirdiyi yeniliyə, sosiyal və milli oyanışa sevinən Sabir irticaçıların bu tarixi inkişafdan narazılığı görüb onları istehzalı gülüşlə qarşılayırdı. Bu, şairin inqilabi özünəməxsus bir yol ilə alqışlaması, onun tarixi əhəmiyyətini qiymətləndirməsi demək idi.
Dövrün ən ciddi sosiyal-siyasi münasibətlərini, müxtəlif ictimai baxışları çox canlı, həyati şəkildə, hətta bir çox hallarda məişət səhnələri ilə əks etdirən Sabirin fikir və xəyalının mərkəzində xalq dururdu. Əsərdən əsərə keçərək qüvvətlənən, daim yeni məna və ifadə formaları alan xalq mövzüsü idi. özü də bu mövzü müxtəlif bədii üsüllarla işlənmişdir.
Əsərlərinin bir qismində Sabir zəhmətkeşlərin qüdrətli müdafiəçilərindən biri olaraq bilavasitə xalqı öz haqqını başa düşməyə, birləşməyə çağırır. O, əməkçi insana məhəbbətini açıq bildirərək, “böyüklərin”, “zorbaların” zülmündən nifrətlə danışır. Belə əsərlərində o, fikirləri öz dilindən söyləyir. Əsərlərinin çoxunda isə şair istismarçı siniflərin nümayəndələrini danışdırmaq üsülundan istifadə edir. Belə əsərlərdə mənfi sürətin özü eyiblərini etiraf edib, daxili aləmini açır. O öz sözləri ilə oxucunu özünə güldürür. Başdan ayağa kinayə və istəhza ifadə edən belə şerlərə “satirik monoloq” adı vermək olar.
Bu əsərlərdə mənfi tipləri düşündürən əsas məsələ əməkçi xalqda əmələ gələn dəyişiklik, onun fəallaşıb siyasi getdikcə daha çox qarışması, daha çox qüvvə, bacarıq əldə etməsidir.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mirzə Ələkbər Sabir Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Yazan: Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Aynurə ƏLİYEVA


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum