FLAŞ HABER

Azərbaycan diasporunun YENİ HƏDƏFLƏRİ

Azərbaycan diasporunun YENİ HƏDƏFLƏRİ: Dövlətin dəstəyi və güclənən həmrəylik nəticəsiz qalmır

Azərbaycan diasporunun YENİ HƏDƏFLƏRİ
02 Aralık 2021 - 09:38
Azərbaycanın diaspor quruculuğu sahəsində əldə etdiyi uğurların müəllifinin Ümummilli Lider Heydər Əliyev olduğunu hər kəs birmənalı təsdiqləyir.  

Əvvəlki dövrlərdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vətənlə əlaqələrinin daha da möhkəmləndirilməsi, icmalar, cəmiyyət və birliklərarası fəaliyyətin genişləndirilməsi, əlaqələrdə müntəzəmliyin təmin olunması vacib və təxirəsalınmaz məsələlər kimi diskusiya predmeti idi. Bu sahədəki çatışmazlıqları nəzərə alsaq, ortadakı reallıqla barışmaq olmazdı.

Bu səbəbdən, Ulu öndər Heydər Əliyev qısa zamanda Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzaladı və bu sahədə işləri nizama salmaq üçün zəruri tədbirlər gördü. Heydər Əliyevin 2002-ci il iyulun 5-də imzaladığı “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərmanı ilə lobbiçiliyin mütəşəkkilləşmə dövrü başlandı.

Komitənin yaradılmasında əsas məqsəd xaricdə yaşayan həmvətənlərimizlə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi idi. Bu siyasi xətti 2003-cü ildə ölkə prezidenti seçilən İlham Əliyev də əsas götürdü. Lobbiçiliyin həyata keçirilməsi üçün ilk növbədə xarici dövlətlərdə güclü diasporun formalaşdırılması, eləcə də qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini nəzərə alan prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Bununla da qeyd olunan sahədə inkişafın təmin edilməsi üçün tam hüquqi baza yaradıldı.

Diasporla İş üzrə Dövlət Komitəsinin başlıca hədəflərindən biri xaricdə yaşayan soydaşlarımız arasında dayanıqlı birliyin yaradılması və qorunub saxlanılmasıdır. Soydaşlarımız da bundan ruhlanaraq, dövlətçiliyimiz, azərbaycançılıq ideologiyası ətrafında daha sıx birləşməyə çalışırlar.

Qeyd edək ki, Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Diasporuna Dəstək” Fondunun yaradılması da xüsusi qeyd edilməlidir. Adıçəkilən Fond diaspor siyasəti sahəsində daha mütəşəkkil və davamlı işlər görməyə imkan yaradır. Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diasporunun müxtəlif məsələlərə dair təşkil etdiyi tədbirlərə mümkün dəstəyi göstərir.

Bu çərçivədə müvafiq e-mail bazası formalaşdırılıb və mühüm xəbərlər, informasiyalar, bildirişlər həmin elektron resursa birbaşa göndərilir. Təşkilatların e-mail postları, sosial şəbəkədə aktiv olmaları, ölkəmiz, xalqımız, Ermənistan-Azərbaycan münaqişəsi haqqında səsləndirilən haqsız, həqiqəti təhrif edən fikirlərə dərhal reaksiya verilməsi üçün bütün mümkün texniki dəstəyi göstərir. Həm diaspor təşkilatlarının, həm də Komitənin həyata keçirdiyi tədbirlər xaricdə yaşayan soydaşlarımızın birgə fəaliyyətinin təmin edilməsinə, onların dövlətimizin maraqları ətrafında daha sıx birləşməsinə xidmət edir.

Bu fəaliyyət istiqamətləri ölkə prezidentinin Diasporla İş üzrə Dövlət Komitəsinin qarşısına qoyduğu vəzifələrdir. Komitə verilən tapşırıqları vaxtında və maksimum səmərəli şəkildə yerinə yetirməyə çalışır. Sözügedən qurum “Vətən uzaqda deyil” şüarına əsaslanaraq xaricdə yaşayan hər bir soydaşımıza qarşı diqqətli olmağa səy göstərir. Bu isə hər bir soydaşımızın yaşadığı yerdən asılı olmayaraq güclü və qüdrətli Azərbaycan dövlətini öz yanında hiss etməsinə zəmin yaradır.

Ümumilikdə, dünyada yaşayan təqribən 50 milyon azərbaycanlının 10 milyonunun Azərbaycan Respublikasında, 36 milyonunun qonşu İranda (Cənubi Azərbaycanda) yaşadığını nəzərə alsaq, deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində 4 milyondan çox soydaşımız məskunlaşıb. Onu da qeyd edək ki, Dövlət Komitəsində də bu məsələ diqqət mərkəzindədir. Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın dəqiq sayının müəyyənləşdirilməsi istiqamətində işlər görülür.

Bu gün istər MDB, istərsə də Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında hər hansı narazılıq müşahidə olunmur. Xaricdəki azərbaycanlıların təşkilatlanması işində başlıca problemlər, əsasən, aradan qaldırılıb və Azərbaycan diaspor təşkilatlarının vahid cəbhədə birləşmələrinə nail olmaq yönündə ciddi işlər görülüb. Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan həqiqətlərini dünyada təbliğ etməklə bədxahlarımızın təxribatçı fəaliyyətinə qarşı da mübarizə aparır.

Hazırda Azərbaycan əleyhinə 870-dən artıq erməni diaspor təşkilatı fəaliyyət göstərir. Buna baxmayaraq, diasporun gücləndirilməsi istiqamətində görülən işlər sayəsində Azərbaycanın beynəlxalq nüfuzu sürətlə artmaqdadır. Bu, Azərbaycan hökuməti və lobbisinin birgə fəaliyyət gücünün göstəricisidir. Artıq erməni lobbisi dünyanın harasında anti-Azərbaycan tədbiri keçirməyə cəhd edirsə, qarşısında mütləq mütəşəkkil və güclü Azərbaycan diasporunu görür.

Dövlətimiz bu istiqamətdə perspektivə hesablanmış addımlar da atır. Hər il potensial diaspor fəalı ola biləcək yüzlərlə gənc dövlət hesabına dünyanın ən nüfuzlu universitetlərinə təhsil almağa göndərilir. Xarici ölkələrdə koordinasiya mərkəzlərinin yaradılması, diaspor təşkilatlarının sayının sürətlə artması, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən istər xaricdə, istərsə də ölkə daxilində mütəmadi olaraq cəmiyyət və təşkilat sədrlərinin iştirakı ilə geniş tədbirlərin keçirilməsi bu sahədə fəaliyyətin effektivliyini daha da artırır.

Lobbiçilik və milli həmrəyliyin təşəkkül tapmasında Heydər Əliyev Fondunun ardıcıl fəaliyyəti də mütləq qeyd olunmalıdır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin dünyada təbliğ edilməsinə verdiyi misilsiz töhfə ictimaiyyətin geniş təqdirini qazanıb.

Müasir dövrdə xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında milli-mənəvi birliyin möhkəmləndirilməsi, soydaşlarımızın təşkilatlanması prosesi keyfiyyətcə yeni məzmun kəsb etməkdədir. Bu, Azərbaycan diaspor quruculuğu işinə xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların, gənclərin və qadınların, eləcə də Azərbaycanda yaşayan digər xalqların xarici ölkələrə köçmüş nümayəndələrinin cəlb olunması zərurəti ilə bağlıdır. Ona görə də Azərbaycan həqiqətlərinin təbliği əsas vəzifələrdən biri kimi öz aktuallığını qoruyur.

Azərbaycanlı icmaların fəaliyyət göstərdikləri ölkələrin kütləvi informasiya vasitələri ilə əlaqələrin gücləndirilməsi, yeni müstəqil qəzet, jurnal, radio, televiziya və informasiya agentliklərinin yaradılması prosesinin davam etdirilməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən və Azərbaycan diasporuna ictimai münasibətlərin qurulmasında yardım göstərə biləcək alim, siyasətçi və jurnalistlərlə, soydaşlarımızın yaşadıqları ölkələrin və digər dövlətlərin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə sıx münasibətlərin qurulması, onlarla məqsədyönlü işin aparılması çox zəruridir.

Politoloqlar indiki dövrdə diaspor və lobbiçilik anlayışını beynəlxalq münasibətlərin vacib elementi kimi xarakterizə edirlər. Mütəxəssislər tərəfindən lobbiçilik fəaliyyətinin metod və formaları aşağıdakı kimi qruplaşdırılır:

1. Şəxsi mülahizələrin təklif edilməsi;

2. Tədqiqatların nəticələrinin təqdim edilməsi;

3. Parlament komissiyalarındakı müzakirələrlə çıxışların edilməsi;

4. Nüfuzlu seçicilər vasitəsilə qanunvericiliyə təsir göstərilməsi;

5. Parlament üzvlərinin müəyyən şənlik və əyləncələrə dəvət edilməsi;

6. Seçki kampaniyalarına pul xərclənməsi;

7. Seçki kampaniyasının keçirilməsində iştirak;

8. Seçicilər tərəfindən “məktub və teleqram”ların təşkil edilməsi;

9. Təbliğat kampaniyasının təşkili;

10. Bir neçə təşkilatın birləşib lobbi təşkil etməsi.

Son illər yəhudi, türk və digər diaspor və lobbilərlə, onların təşkilatları ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq etmək, onların köməyindən istifadə edərək təcrübə toplamaq və qarşıya qoyulan məqsədləri reallaşdırmaq Azərbaycan diasporunun artıq nəzəriyyədən praktikaya keçidinin göstəricisidir. Son iki ildə Azərbaycan dövləti tərəfindən dünya azərbaycanlıları ilə bağlı atılan daha irimiqyaslı addımlar da məhz Komitənin fəaliyyətindəki bu prioritetlər əsasında koordinasiya olunur.

İndi dünyanın, demək olar ki, əksər ölkələrində azərbaycanlıya rast gəlmək mümkündür. Dünyaya səpələnmiş soydaşlarımızın bir çoxu, diaspor fəaliyyətinə cəlb edilib. Bu gün bütün dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının varlığından böyük fərəh və milli qürur hissləri keçirirlər. Hazırda, demək olar ki, Azərbaycan diasporu dövlətimizin xarici siyasətinin ən vacib istiqamətlərindən birini təşkil edir. Müxtəlif ölkələrdə diaspor təşkilatlarının fəaliyyətinin güclənməsi və mütəşəkkil forma alması üçün onların vahid mərkəzdə birləşməsi zəruridir. Bu sahədə əhəmiyyətli addımlar atılmaqdadır və proses hələ davam edir.

Bu gün 27 ölkəni əhatə edən 13 Koordinasiya Şurası fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq diaspor təşkilatlarını birləşməyə və Koordinasiya Şuraları çərçivəsində fəaliyyətə təşviq edir. Milli maraqlarımızın dəstəklənməsində və qorunmasında diasporun əhəmiyyəti çox böyükdür. Hazırda xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinin sürətləndiyi müşahidə edilməkdədir.

Azərbaycan dövləti bu proseslərə yetərli səviyyədə dəstək verir. Dövlətlə diaspor təşkilatlarının əlaqəli fəaliyyəti sayəsində koordinasiyalı iş planı formalaşıb. Nəzərə almaq lazımdır ki, təşkilatlanmış Azərbaycan cəmiyyətlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması diaspor quruculuğu işinin ən mühüm məsələlərindəndir. Bu istiqamətdə görülən işlər nəticəsində diaspor və lobbiçilik fəaliyyətinin bundan sonra daha da geniş miqyas alacağı gözləniləndir.

Gülşən Şərif

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanmışdır.

www.yenicag.az
http://www.sanalbasin.com/yenicagaz

FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum