Aqshin Kerimov: Şuşa Bəyannaməsi – Rusiya təhdidləri qarşısında immunitet

Aqshin Kerimov: Şuşa Bəyannaməsi – Rusiya təhdidləri qarşısında immunitet
13 Ocak 2022 - 22:12

2021-ci ilin iyunun 15-də Azərbaycan və Türkiyə prezidentlərinin ikitərəfli əlaqələrin dərinləşməsini və strateji müttəfiqlik səviyyəsinə qalxmasını özündə ehtiva edən Şuşa Bəyannaməsini imzalanmasaydı, bəlkə də bu gün Rusiya Azərbaycana da hansısa müdaxilə imkanlarını nəzərdən keçirirdi.
Düzdür, Azərbaycan-Türkiyə arasında 2010-cu ildə müqavilə imzalanmışdı, amma onun bəndləri postmüharibə dövrünün çağırışlarına dair konkret halları müəyyən edə bilmirdi.
Bu mənada Şuşa Bəyannaməsi 2010-cu il müqaviləsinin davamı kimi imzalandı və Türkiyə Azərbaycanın təhlükəsizliyini xarici təcavüzdən qorumaq üçün qarantiya altına aldı.
Rusiyadan postsovet ölkələrinə gələn təhdidlərin bir ucu da Azərbaycana toxunur, çünki Azərbaycan NATO ilə əməkdaşlığın dərinləşməsini özünün xarici siyasət prioritetlərinə daxil edib.
1997-ci ildən bu yana NATO öz siyasi coğrafiyasını elə genişləndirib ki, Avropanın şərq hissəsindən Rusiyanın mühasirəsini daraldan bir mənzərə yaranıb.
Rusiya ona görə narahatdır ki, NATO düz burnunun dibinə çatıb və bu hal “soyuq müharibə” ovqatını yenidən gündəmə gətirir.
Onsuz da əvvəldən təməlləri qarşılıqlı qısqanclıq və hiddət doğuran mövqelərə söykənən münasibətlər Ukrayna mövzusu ilə daha da gərginləşir.
Rusiya vaxtı ilə SSRİ-nin tərkibində olmuş Latviya, Litva və Estoniyanın 2004-cü ildə NATO-ya üzv olmasından sonra qəzəbini çıxarmaq üçün hərbi potensialını genişləndirdi və dəfələrlə Baltikyanı ölkələrin sərhədində hərbi manevrlər etdi.
Həmin regiona açılan pəncərədə Rusiya strateji və hərbi üstünlüyə malik olsa da, bu ölkələri öz siyasi iradəsinə tabe etdirə bilməz, çünki hələ SSRİ dönəmindən həmin regionun Rusiyaya münasibəti aqressiv olub.
Bu regiondan sonra keçmiş SSRİ-yə daxil olan digər ölkələrin NATO üzvlüyü Rusiya üçün qırmızı cizgilərin keçilməsidir, Ukrayna ilə sərhədə malik olması isə məsələnin rəngini daha da tündləşdirir.
Ona görə də Gürcüstanın da NATO qapılarını döyməsini həzm edə bilmir və ritorikasını aqressivləşdirir.
Rusiya deyir ki, NATO proqramlarında iştirakla NATO-ya inteqrasiyanın sərhədləri dəqiqləşməlidir, bu, aşkar hədədir.
Azərbaycana gəlincə, Rusiya Bakını öz orbitinə çəkmək istəyir, Azərbaycan dövlətinin strateqləri isə bunun perspektivin ürəkaçan olmayacağını dərk edir, ancaq Moskvanın qəzəbinin artmaması üçün elə siyasət yürüdür ki, bu, Qərbin də, Kremlin də maraqlarını təmin edir.
Cənubi Qafqazda postmüharibə dövrü olsa da, Azərbaycanın xarici siyasət konsepsiyasında balanslılıq prinsipi əhəmiyyətli dərəcədə pozulmayıb.
Moskvaya meylli məqamların olmasında Qərbin də rolu var, çünki Qarabağ müharibəsində Britaniya istisna olmaqla Qərb tərəfindən Azərbaycana əhəmiyyətli dəstək gəlmədi, Bakı isə bunu əvvəldən bildiyinə görə, Ankara-Moskva tandemindən yararlandı.
Azərbaycan hökuməti hazırda çox ehtiyatlı davranır. Bununla belə, hər hansı təcavüz və ya təcavüz elementi ilə üzləşdiyi halda Türkiyə faktorunun mövcudluğu bu təhdidi dəf etməkdə böyük rol oynayır.
Bu mənada açıq demək olar ki, Rusiyanın Azərbaycana münasibətinin açıq hissəsində hər hansı təhdidin səslənməsi Türkiyə amili ilə bağlıdır, 2021-ci ilin iyununda imzalanan Şuşa Bəyannaməsi isə vaxtında görülən preventiv tədbirlərin tərkib hissəsi idi.
Şuşa Bəyannaməsi postmüharibə dövrü üçün yeni alətlər yaradan sənəddir.
Üstəgəl, Azərbaycan və Türkiyənin birgə təlimləri keçirilir, Azərbaycan hər keçən gün ordu gücünü artırır.
Kremldə qapalı qapılar arxasında Azərbaycanla bağlı planlar ola bilər, amma bu variant keçərli deyil, çünki Rusiya Türkiyə ilə də münasibətləri korlamaq istəməz. Azərbaycan Türkiyə üçün də qırmızı cizgidir.
Rusiyanın əlində olan ən böyük alətlərdən biri Azərbaycan ərazilərində yerləşdirilmiş sülhməramlılardır, bu məsələyə münasibətdə isə Ankaradan Bakıya əhəmiyyətli dəstək görmürük.
Bununla belə, bir əminlik var ki, Bakı Ankara ilə birlikdə Rusiya sülhməramlılarının çıxarılmasına nail olmaq istəyir.
NATO-nun digər marağı budur ki, öz üzvü olan Türkiyə vasitəsilə Cənubi Qafqazda möhkəmlənsin, çünki regionda Rusiya ilə isti münasibətləri olan da Ankaradır, ona qarşı duruş gətirən güc də.

Aqshin KerimovKafkassam

KAFKASSAM - Kafkasya Stratejik Araştırmalar Merkezi -

https://kafkassam.com


FACEBOOK YORUMLAR

YORUMLAR

  • 0 Yorum