Ankarada Mustafa Kamal Atatürkün anım gününə həsr olunmuş tədbir keçirilib
Ankarada Mustafa Kamal Atatürkün anım gününə həsr olunmuş tədbir keçirilib
Əsası Mustafa Kamal Atatürk tərəfindən qoyulan Türk dünyasının nüfuzlu elmi-mədəni mərkəzlərindən sayılan, qazi Mustafa Kamal Paşanın adını daşıyan "Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu"nun və Türk Dünyası Araşdırmaları Vakfının təşkilatçılığı ilə Atatürkü anım törəni keçirilib.
Tədbiri giriş sözü ilə açan Türk Dünyası Araşdırmaları Vakfının başqanı Közhan Yazgan böyük Atatürkün əziz ruhuna sayğı duruşundan daha sonra giriş nitqi söyləyib.
Vurğulanıb ki, Türk xalqının içindən çıxaraq Osmanlı imperatorluğunun dağıntılarının, külünün yerində yeni bir çağdaş dövlət yaradan Atatürk türk millətinin ruhunun ətalətdən qurtulub yüksəlməsində əvəzolunmaz xidmətlərin müəllifi, Türkiyə Cümhuriyyətinin qurucusu oldu.
Türk Dil Qurumunun sədri professor Osman Mert bu gün rəhbəri olduğu Türk Dil Kurumunun təməlinin qoyulmasında Atatürkün səyləri və müstəsna xidmətlərindən söhbət açdı. Professor Birol Emil, professor Yaşar Aydemir, doç.dr.Tayfun Haykır çıxışlarında Atatürkün maarifpərvər fəaliyyətləri, təhsil quruculuğu sahəsindəki xidmətlərindən söz açdılar.
Böyük lider Atatürkün anım gününə həsr olunmuş tədbirə Azərbaycandan təqdim olunan, Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyevin məqaləsi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.
Ulu Öndər Heydər Əliyevin Atatürkə verdiyi yüksək dəyəri diqqətə çatdıran Millət vəkili xüsusilə vurğulayıb ki, “Azərbaycan bayrağını Türkiyə bayrağının yanında Türkiyə səmasında dalğalanışını görmək millətimiz üçün böyük şərəfdir” - deyən Atatürk bütün ömrü boyunca “Azərbaycanın sevincini sevincimiz, kədəri kədərimizdir”, - amalını öz həyat devizinə çevirmişdi.
Atatürkün vətəni Türkiyənin sərhədləri ilə məhdudlaşmırdı. O, böyük Turan sevdalısı idi...
"Dil bir körpüdür. Mədəniyyət bir körpüdür. İnanc bir körpüdür. Tarix bir körpüdür. Köklərimizə enməli və olayların böldüyü tariximizin içində bütünləşməliyiz. Onların bizə yaxınlaşmasını gözləməməliyiz. Bizim onlara yaxınlaşmamız gərəkdir», - deməsi onu göstərir ki, Mustafa Kamal Paşa heç zaman türk məfkurəsini Türkiyə türklüyü ilə məhdudlaşdırmayıb. Əksinə, ustadı Ziya Gökalp kimi türklüyü Turan ülküsü olaraq daha geniş anlamda düşünüb. “Tək gerçək siyasət milli-ulusal siyasətdir və dünya türklüyünün bir bütöv olub dünyanın bütün türklərini içinə alacaq bir dövlət yaradacağı şübhəsizdir”, - deyə düşünməsi onun müdrik bir uzaqgörənliklə vahid Türk Dövlətləri Birliyinə inamını ifadə edirdi.
1938-ci il 10 noyabr...
Atatürk əbədiyyətə qovuşur...
Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Turan söhbətlərimizdə göz yaşları içində atası ilə Mustafa Kamal Paşanın yaxın dostluğunu, qardaşlığını belə xatırlayırdı: "Atatürkün xəstəliyi çox uzun sürdü. Dolmabağça sarayının çatısında həmişə əzəmətli bir bayraq dalğalanırdı. Hər gün biz böyük həyəcan və xiffətlə o bayrağa baxırdıq. Atatürk xəstəliklə çarpışırdı deyə bayrağın enəcəyinin əndişəsi içindəydik. Bayrağın enməsini istəmirdik. Çünki bu enişlə Atatürkün artıq həyatda olmadığı bilinəcəkdi. Babamın yaxın dostu və eniştəmin qardaşı Akil Muxtar Özdən Atatürkün özəl həkimləri sırasındaydı. Daha çox o, hər gün babama Atatürkün səhhəti ilə bağlı məlumatlar gətirirdi. Bir səhər Akademidə dərsdəydim. Bir də gördük ki, bayraq asta-asta endirilir. Hamımız çox sarsıldıq. O bayrağın enişi bütün Türkiyəni matəmə bürümüşdü. O yaşımda mən bundan daha ağır xəbər təsəvvür etmirdim. Hamıdan əvvəl babamı düşündüm. Bilirdim ki, bu xəbər onu sarsıdacaq, yıxacaq. Düşündüm, görəsən, babam dözə biləcəkmi? Nə yapacağımı bilmədim. Şaşırıb qaldım. İzdiham Dolmabağçaya axışırdı. Mən isə evə qaçdım. Gördüm, babam qapıda durub bəkləyir... Babam məni görən kimi ürkək səslə: "Atatürkdən nə xəbər?" - deyə soruşdu. Ağlaya-ağlaya dedim ki, bayraq endi. Atatürkü itirdik. Sanki babamın dünyası başına uçdu. Yasa batdı, yıxıldı, sarsıldı. Evimizə matəm havası çökdü. Babam o məhzun duyğuların hüznü içində “Onun vəfat tarixi” adlı şeirini yazdı. Və qələmi yerə qoyanda “Mustafa Kamal təkcə Türkiyənin deyil, həm də Azərbaycanın ürəyinin içindən əbədiyyətə köçdü...”- deyərək hönkürdü...
Atatürkü Türk dünyasının tarixi boyunca ortaya çıxardığı ən böyük dövlət adamı kimi dəyərləndirən ulu öndər Heydər Əliyev zamanında Türkiyə Böyük Millət Məclisindəki çıxışında bunları söyləmişdi: “Məndən soruşsanız ki, Atatürkün türk millətinə verdiyi ən böyük əsər nədir? – cavab verməyə çətinlik çəkərəm. Amma bunu cəsarətlə iddia edə bilərəm ki, Atatürkün özündən sonra nəsillərə miras qoyduğu ən önəmli əsər yaratdığı, qurduğu və yaşatdığı Türkiyə dövlətidir!”
Cavanşir Feyziyev bildirib ki, Atatürkün Azərbaycanda tanınması, zəngin irsinin öyrənilib yayılması məqsədilə Azərbaycanda Atatürk Mərkəzini quran Heydər Əliyev 1994-cü il fevralın 8-də Türkiyə Böyük Millət Məclisindəki tarixi çıxışında: “Azərbaycan xalqı milli müstəqillik yollarında milli dövlətini qurarkən özünə rəhbər olaraq Mustafa Kamal Atatürkü görmüş və Türkiyə dövlətinin örnək təcrübəsindən faydalanmışdır” -demişdir.
Heydər Əliyev 2001-ci il martın 15-də Atatürk Mərkəzinin açılışında bu mərkəzin yaradılma məramını belə izah edirdi: “Mənim təşəbbüsümlə Azərbaycanda Atatürkün öyrənilməsi və irsinin araşdırılması məqsədilə bir mərkəz qururuq. Bu mərkəz müstəqil bir təşkilat olacaqdır. Həm Elmlər Akademiyası, həm də universitetlərimizin bu sahədə ən tanınmış isimləri burada çalışacaqlar. Mən də Azərbaycan Prezidenti olaraq, bu mərkəzin fəxri sədriyəm. İnanıram ki, bu mərkəz Azərbaycanla Türkiyə arasındakı mədəni-tarixi əlaqələrin köklərini elmi şəkildə araşdırıb üzə çıxaracaqdır”.
Millət vəkilinin sözlərinə görə, Ulu öndərin əsəri olan həmin mərkəzdə bu gün tanınmış alimlər Atatürk haqqında elmi araşdırmalar aparmaqda və Türk dünyasına xidmət etməkdədirlər. Həmin araşdırmaların nəticəsi kimi yüzlərlə məqalə yazılmış, kitablar ərsəyə gəlmişdir.
Bütün bunlar Atatürkün yolunu, əqidəsini və həyata baxışını “mənəvi varisləri” tərəfindən gələcək nəsillərə daşıyacaq və qərinələr ötsə də Qazi Mustafa Kamal Paşa düşüncəsi və ruhu hürr olan hər bir türk övladının qəlbində və məfkurə işığında yaşayacaqdır”, - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırmışdır.
Anım tədbiri Mustafa Kamal Paşanın həyat yolunu və mücadiləsini əks etdirən qısametrajlı filmin nümayişi və Atatürkün əsərlərinin müzakirəsi ilə başa çatmışdır.
FACEBOOK YORUMLAR