1918-Cİ İLDƏ BAKI QƏZASINDA MART SOYQIRIMI
1918-Cİ İLDƏ BAKI QƏZASINDA MART SOYQIRIMI
Nurcan Allahverdiyeva*
1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdi. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etmişdi.
Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda rus-erməni silahlı dəstələri tərəfindən qətlə yetirilmiş, general Talışinskinin başçılıq etdiyi Azərbaycan alayı martın 9-da onun dəfn mərasimində iştirak etmək üçün Bakıya gəlmişdir. General Talışinski Bakıya gəlmədən bir neçə gün öncə, Lenin Bakı Sovetinin başçısı Stepan Şaumyana aşağıdakı məzmunda teleqram yollamışdır: ‘’Hörmətli yoldaş Şaumyan: Məktubunuz üçün təşəkkür edirəm. Sizin düşünülmüş siyasətiniz bizə çox xoşdur və yaranmış vəziyyətdə siyasətinizin daha dərin və ehtiyatlı diplomatiya ilə birgə tətbiq edilməsini məqsədəuyğun sayır və nəticədə qələbə çalacağımıza əminik. Çətinliklər gözlənilməzdir və indiyədək biz yalnızca imperialistlər arasında narazılıqlar və münaqişələr nəticəsində irəli getmişik. Bu konfliktləri işlətməyi öyrənin, hal-hazırda diplomatiya öyrənmək vacibdir. Bütün dostalara xoş arzular və salamlar. V. Ulyanov (Lenin)’’
Leninin Şaumyana etdiyi bu müraciətə baxmayaraq, Bakıya daxil olarkən general Talışinski və Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbs altına alınmışlar, nəticədə şəhərdə yaşayan azərbaycanlılar Sovetə qarşı müqavimət göstərməyə başlamışlar. Nəticədə baş verən silahlı münaqişə martın 30-dan aprelin 3-də qədər Bakıda davam etmiş və tarixə ”1918-ci ilin Mart Günləri” kimi həkk olunmuşdur. Ümumiyyətlə, ermənilərin azərbaycana qarşı törətdikləri ən qəddar soyqırım aktı 1918-ci ilin martında olmuşdur. Öz cirkin əməlllərinə davam edən ermənilər bu dəfə bolşevik adı altında öz əməllərini reallaşdırmağa başlamışdılar.
Mahiyyətcə milli soyqırımı olan ’’Mart döyüşləri” Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırmış, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurmuşdu.
1917-ci il oktyabr devrimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi ”Daşnaksütyun” partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan ’’Kərpicxana”, ’’Məmmədli” və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi “türk” deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: ”Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir”. Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirir, azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış ’’İnqilabı müdafiə” adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan “İsmailiyyə” ni yandırmış, “Açıq söz”, “Kaspi”, “Baku” qəzetləri redaksiyalarını dağıtmış, ’’Təzə pir” məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər. Beləliklə, 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər.
Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilir. Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar isə daha ağır şəkildə öldürülürdü. N.Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir: ’’Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”. Milli sülhə və birliyə qarşı “sinfi mübarizə” və “sinfilik” mövqeyindən çıxış edən S. Şaumyan başda olmaqla, Bakı bolşevikləri “Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına” çevirmək yolunu seçdilər. Oralar daşnaklarla birlikdə “antisovet qiyamı”na, “əksinqilab”a qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31- də) milli qırğın təşkil etdilər. Bu, müsəlmanlara qarşı, xüsusilə, azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl Qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər. Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 50 mindən çox olduğu bildirilir. Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirildi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, Kürdəmir, Lənkəran və digər bölgələrdə də edildi.
M.Ə.Rəsulzadə "Azərbaycan Cumhuriyyəti" əsərində erməni qətliamlarındən bəhs edərkən qeyd edirdi: ‘’əski Şirvanşahların bu qədim paytaxtı bir həmlədə atəşə verilib məşhur tarixi cameyə varıncaya qədər yaxıldı. Yalnız erməni məhləsi salamat buraxıldı. Şamaxının düçar olduğu təcavüzə Lənkəran, Səlyan, Quba, Navahi və Kürdəmir kimi qəza, şəhər və qəsəbələri dəxi məruz qaldı. Bu təcavüzlər əsnasında yaxılan xanimanların, qıyılan ərz və namusların, kəsilən qarı qocaların, yağmaya gedən mal və məvaşinin təsviri qeyri-qabili-təsəvvür bir faciə təşkil edir’’
Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri Hamazasp bildirmişdi: ”Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm... Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”. Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 167 kəndi yandırmışdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı Quba qəzasında 16 minə yaxın adam öldürüldü.
1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri ümumilikdə, 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmışdır.
“Quba şəhərində Soyqırımı Memorial Kompleksi”nin
Elmi Araşdırmalar, ekspozisiya və fond şöbəsinin əməkdaşı.
FACEBOOK YORUMLAR