Bugun...
Türk etnoslarının İsmayıllı torpağında izleri


Sevda GASİMOVA
turanferat@hotmail.com
 
 

Türk etnoslarının İsmayıllı torpağında izleri

 

 

Giriş

 

Xalqın tarixi onun yaşadığı torpağın altında və üstündə zamanın sərt təsirlərinə sinə gərərək bu günə gəlib çıxmış tarixi abidələr: arxeoloji qazıntılar, şəhər, qala qalıqları, qədim yazılı abidələr əsasında öyrənilir.  Elə dil vahidləri var ki, onların daşıdığı informasiya bir tarixi abidə qədər əhəmiyyətlidir. Adlar da belə vahidlərdir.  Bu dil abidəsinə toxunanlar – onu dəyişdirənlər tarix və bəşəriyyət qarşısında cavab verməlidirlər.  

İsmayıllı Dağlıq Şirvana daxil olan rayonlardan biridir. Böyük Qafqaz dağının cənubunda yerləşir. Orta əsrlər və qədim dövrlərə aid yeraltı və yerüstü abidələrin olması və onların tədqiqi göstərir ki, burada insan məskənlərinin minlərlə yaşı var.

 Bir çox tarixi hadisələrin burda izləri vardır. Girdiman qalası, Fit qalası, Meçidgah, Cavanşir qalası, Qırxotaq, Xanagah qız qalası, Qasımxan qalası, Gümüş qala və s. qalalar bu yerlərin tarixindən xəbər verir. Sasanilərin IVəsrdə Alban dövlətini özünə tabe etməsi və şimaldan gələn təhlükənin qarşısını almaq məqsədi ilə burada özünə ictimai və hərbi dayaq yaratmaq üçün şimal rayonlarına, o cümlədən İsmayıllıya çoxlu sayda İran əhalisi köçürülmüşdür.Bunun toponimlərimizdə izləri vardır.

VII əsrdə türk soylu tayfaların Albaniya ərazisinə axını buərazinin etnik tərkibinin formalaşmasına təsir etmişdir.

  İsmayıllıda mövcud olan etnotoponimlərin araşdırılması zamanı meydana çıxan bir çox faktlar həmin ərazidə yaşayan əhalinin şivəsində də təsdiqlənir. Məsələn, ц (ts) qovuşuq samiti izaqlosu bölgə əhalisinin etnogenetik proseslərində qıpçaq türklərinin mühüm iştirakından xəbər verir.

Udin əsilli Azərbaycan dilçisi, tarixçi, qafqazşünasQusakyan Voroşil yazır: “Azərbaycan dilinin şimal-qərb zonası (Dərbənd-Şamaxı-İsmayıllı-Şəki-Balakən-Kaxeti) dialekt və şivələrində V-Х əsrlərə aid qıpçaq ünsürləri daha çoxdur (124,s.97). Müəllif bunu savir-xəzər ittifaqına daxil olmuş tayfaların bu ərazilərdə məskən salması ilə əlaqələndirilir (bu tayfaların əksəriyyətinin dilləri qıpçaq qrupuna daxil idi).Türk etnosunun Albanyaya axınının zirvəsi olan VIIəsrdə “türklər, xüsusən savir və xəzərlər Albanyanın, demək olar ki, bütün əyalətlərində yerləşdirilir, böyük türk məskənləri yenə köhnə qayda üzrə indiki Dərbənd-İsmayıllı zonasından Kaxetiyayadək və Yevlaxdan Ağstafa-Qazaxadək yayılmışdı (yenə orada, s.21).

Sonrakı dövrlərin tarixi hadisələri səlcuq oğuzlarının, monqolların gəlişi qızılbaş tayfalarının Azərbaycan ərazisində yaşaması ta qədim dövrlərdən mövcud olmuş etnik tərkibin möhkəmləndirilməsinə səbəb oldu. 

Ismayıllıda yaşamış nəsillərin dini mənsubiyyətləri, qurduqları məbədlər, ocaqlar, maldar ellərin çoban düşərgələri, bu düşərgələrin obalara, kəndlərə çevrilməsi, insanların yaşayış, etiqad, əmək, təsərrüfat fəaliyyətləri izsiz ötüşməyib, adlar bu izləri qoruyur.

  Dil üçün sözün – adın kiçik, ya böyük obyekti adlandırması önəmli deyil. Əsas oldur ki, bu adı kim isə, hansısa dildə, nə üçünsə yaradıb. Yaradılıbsa, o da ünsiyyətdə iştirak edibsə, deməli orada hansısa insan nəslinin, hansısa tayfanın, xalqın izi var. 

Məsələn, İsmayıllıda Səngər adlı yerlər,qalalar, onun tarixi-hərbi,siyasi, Namazgah Xanagah, Gənzə dini, Qoşun yolu, Binələr, Kərim binəsi, Qaranlıq (Kuranlıq), Çərli kimi mikrotoponilər təsərrüfat həyatını əks etdirir. Burada onlarla tayfa, qəbilə, nəsil, tirə adlarını yaşadan kənd yayalaq, dağ, düz, təpə və s. coğrafi obyekt adları var.

Məqalədə toponimikanın ümumi qanunları, prinsipləri və metodları çərçivəsində, tarixi, coğrafi, linqvistik, real-təbii faktları nəzərə alaraq İsmayıllı coğrafi adları tədqiqata cəlb edilir.Tədqiqat zamanı toponimik fon və ya izaqlos xüsusiyyyətlərini müəyyən etmək üçün  indiyə qədər toplanmamış və ya tədqiqata cəlb edilməmiş çoxlu sayda toponim və hidronimlər   tarixi-linqvistik təhlilə cəlb edilmişdir.

Etnotoponimlər tayfa,qəbilə, nəsil, tirə adları əsasında formalaşmış toponimlərdir.Bu toponimlərin öyrənilməsi təkcə dil baxımından deyil, həm də xalqımızın tarixi etnogenetik proseslərinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Bu toponimik faktlar bir çox tarixi problemlərin həllinə yol açır. İsmayıllı toponimləri içərisində etnotoponimlər yetərincədir. Tağlabiyan, Tubukənd, Ustacanlı, Muradxanlı, Padar, Pirhəsənli, Bizlan, Pətəkli, Brobdal, Xəlilli, Qubaxəlilli, Həsir Alpot, Keşxurd, Qəzli, Qaravəli, Quşencə, Qovdağ, Qalaç, Qanlı, Şıxlı,  Şamanlı və s.kimi belə ernotoponimlər  toplanaraq məqalədə təhlilə cəlb edilmişdir.

 

Oğuzların 22 tayfasından ikisinin ayrılaraq birləşməsi nəticəsində yeni qalaç/xalaç/xələc tayfası formalaşmışdır. Xələclər Səlcuq oğuz tayfa birliyinə daxil idi.Çox-çox əvvəllər Amu-Dəryanı keçərək Əfqanıstanın cənub bölgələrində yaşamış,bir hissəsi İrana keçərək fars,bəziləri isə türkmən dilində danışmağa başlamışlar.Bununla əlaqədar Tehranın qərb,Savalanın şimal hissəsi Xələcistan adlanmışdır. Yaxın Şərqin işğallarında (12-18 əsrlər) iştirak etmiş xələclərin bir hissəsi indi də İranda və Türkmənistan ərazisində yaşayır. Xələclər Azərbaycanda köçəri və yarımköçəri həyat sürmüş, XIX əsrin 70-ci illərindən başlayaraq oturaqlaşmışlar. 80-ci illərdə isə 73 ailədən ibarət  xələclər Cavad qəzasında maldarlıqla məşğul idilər.

Xələc adlı toponimlər Azərbaycanda areal təşkil edir: “Xalac/Xələc (Xızıda kənd),Xələc (Qubadlı, Şərur, Ucar, Salyan rayonlarında kənd, Dəvəçi rayonunda çay). Ağsu, Dəvəçi, İsmayıllı, Naxçıvanvə Cəlilabad rayonlarında təkrarlanan Xəlilli toponimi də eyniadlı etnik qrupun miqrasiyası nəticəsində yaranan adlardır (35, с.87-88).İsmayıllıdakı Qalac dağ adı,Xəlilli və Qubaxəlilli kənd adları həmin tayfa adını əks etdirir.  XIX  əsrin ortalarında Xəlilli-Quba adlı 76 ailədən ibarət köç Göyçay zonasılda yaşamışdır. Quba isə, Ə.Hüseynzadənin fikrincə  quba adlı əski türk tayfalarından birinin adı ilə adlandırılmışdır. Kubaçı/kübəçi etnoniminin kökü Quba toponimində əks olunmuşdur (35,s. 88).         

Qayı tayfasını təşkil edən boylardan biri də padarlar olmuşlar.Padar yaylasının adı oğuz-səlcuq tayfalarından olan padarlarla əlaqədardır.  “M.T.Vəliyevin əsərində padarlar ən məşhur oğuz tayfalarından biri kimi təqdim edilir və göstərilir ki, Elxanilər dövründə padarlar orta Asiyadan Azərbaycana köçürülmüş 200 min türkdilli ailə içərisində mühüm yer tutmuşlar. Onlar əvvəllər Cənubi Azərbaycanda yaşamış, XVI-XVII əsrlərdə - Səfəvilər dövründə isə müəyyən hissəsi dağıstanlıların qarşısını almaq məqsədilə Şimali Azərdaycana köçürülmüşlər (133,s.29).  

            Padar oykoniminə Ağsu, Oğuz, Qubadlı, Dəvəçi, Sabirabad, Xaçmaz, Salyan, Şamaxı rayonlarında rast gəlinir.

         Padarlar qacar, əfşar, zülqədər, çoban, baharlı, ustacallı, xəlilli, sorsor, ussalı, zəngənə, armarlı və b. tayfalarla qayı tayfasını təşkil edən soylardan biri olmuşdur (119, с.79).Göründüyü kimi,İsmayıllıda padarlardan başqa, xəlilli və ustaclı etnonimlərinin də izləri toponimlərdə görünür.Ustacanlı toponimi bu gün yaşayış olmayan kəndin adı olub qızılbaş tayfalarından olan ustaclı (ustacallı)tayfasının adını əks etdirir.

Ustaclılar XI yüzildə Səlcuqluların tərkibində Kiçik Asiyaya, XV yüzilin sonlarında isə Azərbaycana gəlmişlər. Mənbələrdə adları ilk dəfə 1488-ci il hadisələri ilə bağlı çəkilir. Azərbaycan və Iranın siyasi həyatında mühüm rol oynamışlar. Ustaclılar Qızılbaş tayfa birliyində Səfəvilərin dayağı olmuşlar. 

  Səfəvilər dövlətinin idarəsində əsas ünsür kimi iştirak edən ustaclılar zaman –zaman Azərbaycanda,o cümlədən Şirvanda yerləşmişlər ki, İsmayıllı  rayonun Ustacalı toponimi həmin hadisələrin tarixi yadigarıdır.

Əvvəl Borçalı bölgəsində yaşamış, sonra Türkiyəyə köçüb getmiş Qarapapaq elinin oymaqlarından biri saral oymağı  idi. Oymağın Böyük qaçağan, Kiçik Qaçağan, Hacılı, Qılıçlı, Koxalı, Həzrətli, Sübhan, Korlar adlı qolları var idi. Oğuz və Qəbələ rayonları ərazisində saral oymağının adının əks olunduğu toponimlər mövcuddur (22,s.250).      

            Minkədə Корашма, Корбулаг və Talıstan kəndində Koxalı, Koxazər  mikrotoponimlərinin korlar və koxalı etnonimlərini əks etdirdiyini  güman etmək olar. 

            Onu da qeyd edək ki, Minkə kəndi ərazisində olan Həzrətidilim mikrotoponimi Həzrətli eli sözünün təhrifi ola bilər. Diyallıda isə Həzrət çayı vardır. 

         Qayı-soğançıların qumık tayfası olması haqqında mənbələrdə məlumatlar vardır.

Soğanlıq Pirəbilqasım kəndi ilə Tircan kəndi arasında qədim yaşayış yeridir.İndi oronimə çevrilmişdir.Soğanlı el adı olmuşdur. Soğanlı (Tiflis əyalətinin Baratlı nayihəsində kənd adı, Soğanluqi (Qardabani rayonunda kənd adı),Tatar-soğanlıq,Soğanlıq (Tiflis qəzasında erməni kəndləri), Soğanlu (İrəvan quberniyasının Novobəyazid qəzasında dağ adı), Soğanlu camaatı (Tiflis əyalətinin Ağcaqala nayihəsində el adı) ərəbli tayfasına məxsusu el adını əks etdirir  (22,s.256).İranda (Şərqi Azərbaycan) Soğanlı səhəri,Türkiyədə Soğanli,Soğanlı-köy toponimləri mövcuddur.

V əsrdə Muğanda şahsevənlərin tərkibində 300 alaçıqdan ibarət qədim türk tayfa birləşmələrindən biri olan “muğanlı” tayfası yaşayırdı.   Muğanda yaşayan tayfalar bunlar idi: Xoca Çobanı, Təklə,Elmeku, Qoca Qazılı, Sultan Baxşəli, Qarai, Arden, Dovşanlı, Xələc (22,s.58-59).

 İsmayıllıda Qalac dağ adı,yuxarıda deyildiyi kimi,xələc,Basqal kəndi yaxınlığında Əmrəki dağ adı isə elmeku tayfa adını əks etdirir.Rayonda Qazı dərəsi və Qəzli kənd adları qazılı etnonimi əsasında yaranmışdır. 

 Muğanlı tayfa birliyinə daxil olan etnoslardan biri olan təklə etnotoponiminin də İsmayıllıda izləri vardır. Tağlabiyan toponimində “tağla” komponenti  təklə etnoniminin təhrif variantıdır.Onu da qeyd edək ki, antik müəlliflərin əsərlərində təklə tayfası Daxla adlanmışdır. Bu etnos tarixən Orta Asiyada yaşamışdır.Türkmənistanda indi də Təkə eli yaşamaqdadır.

         Bu tayfanın Dağlıq Şirvan, o cümlədən İsmayıllıda izləri vardır. S.Ə.Şirvaninin əsərlərində biz Təklə ləqəbli şəxslərə rast gəlirik  (116,s.430).

Təklə Azərbaycan xalqının etnogenezində iştirak etmiş tayfalardan biridir.Şamaxıda,Masallıda Təklə adında kəndlər vardır.

 Təkə eli Orta Asiyadan oğuzların tərkibində Anadoluya gəlmiş, Antalyada bir mahal onların adı ilə Təkə adlanmışdır.Təkəli etnonimi öz adını Təkə sancağı deyilən həmin Antalya bölgəsindən almışdır.XV əsrin axırlarında bu el Səfəvilərə qoşulmuş, qızılbaş tayfalarından biri olmuşdur. Türkiyədə Təkə (Konya-Mərkəzi Antalya), Tekelü (Adana), Karahisar-ı Teke (Serik-Antalya) kimi toponimlər qeydə alınmışdır (6,s.90,143).

 Bu tayfa 1540-cı ildə Türkiyə ərazisindən başda Qazı xan olmaqla İrana gəlmiş,Şah Təhmasibə itaətini bildirmişdir. Şah yaşamaq üçün Mahmudabad (indiki Salyan mahalını bu tayfaya vermişdir (94,s.192). Görünür ki, onlar Muğandan Azərbaycanın müxtəlif rayonlarına və Borçalıya səpələnmişlər.

 Tağlabiyan adının ikinci komponenti olan biyan sözünün bitki mənası da vardır. Lakin burada, bizcə, biyan da etnonimdir. İki etnonimi birləşdirən Tağlabiyan toponimi Təkətürkman,Təkləmuğanlı adlarının quruluşunu xatırladır.

Biyan,bəlkə də,türk tayfaları içərisində mövcud olmuş bayan / boyan tayfa adını əks etdirir. Monqolustanda Bayan -Tümen, Bayan - Uleqey, Bayan - Xara, Bayan-Xonqor, Buryat toponimiyasında Bayangöl adları qeydə alınmışdır.Azərbaycan toponimiyasında da bu etnonimin izləri vardır: Daşkəsəndə, Oğuzda və Cənubi Azərbaycanda Bayan toponimləri mövcuddur. Bayandaş isə Abşeron yarmadasının qərb hissəsində, Müşfiqabad (keçmiş Pirəkəşkül) kəndindən cənub-qərbdə yerləşən dağdır.

 Xarmandalı Köhnə Daxar kəndi ərazisində mikpooronimdir. Azərbaycanda Xirmandalı arealı mövcuddur: Biləsuvar və Masallı rayonlarında mövcud olan Xırmandalı kəndlərinin adları eyni adlı etnonimlə bağlıdır.“Mənbələrdə harmandalı/xarmandalı/xərbəndəli/xudabəndəli kimi qeydə alınan xırmandalıların adı bayat tayfasının tərkibində çəkilir və Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynadıqları göstərilir. Şah Abasın zamanında xarmandalı əsas türk tayfalrından biri imiş.  Oruc bəy Bayat yazırdı: "İndi bizim ölkədə Fars əyalətlərinin hamısında tanınan və sayılan və bizdə də böyük nüfuza malik olan 32 nəcabətli sülalə var". Lakin adlarını sadalayanda məlum olur ki, bu sülalələrin hamısı türk-Azərbaycan mənşəlidir. Bunların arasında Ustaclı, Şamlı, Əfşarlar, Türkmanlar, Bayatlar, Təkəli,Xarmandalı, Zülqədərli, Qacarlar, Qaramanlı, Bayburtlu, İspirli, Oryat, Çauşlu və başqalarını göstərmək olar (148)

Brovdal (kənd,dağ) adının tat  dili əsasında “kollu-koslu yer” izahı doğru deyil. Bu toponimin əsasında qədim türk mənşəli  abdal etnonimi durur. Həmin tayfa mənşəyini erkən orta əsrlərdə Orta Asiyada mövcud olmuş “Eftal” dövlətinin adından götürmüşdür.

  Həmin dövlətə qərbi türk xaqanları son qoymuş və bundan sonra abdallar müxtəlif ölkələrə köçmüşlər (69, s.31). S.Aşurbəyli abdal tayfasının Dağıstan və Şimali Qafqazda çadırlarda yaşayan on üç köçəri türk tayfasından biri olması haqqında məlumat verir,qeyd edir ki,həmin türk tayfalarının ayrı-ayrı qrupları Dərbənd keçidindən keçərək Şirvana gəlmişlər (9,s.22) . 

 X.L.Xanmaqamedov yazır:”V.V.Bartold abdalları ağ hun hesab etmişdir.Abdal etnonimi başkir, qarapapaq, Azərbaycan, türkmən xalqları içərisində məşhurdur (47,s.36).Albaniyada bu tayfa yeni eradan əvvəl IVəsrdə yaşayırdı.

        Gürcüstanda Abdallı kəndi,Şimali Qafqazın Ter əyalətində Abdal dağı olmuşdur. İranda  Abdal, Abdallar kəndləri vardır  (65,s.59).

Azərbaycan toponimlərində  və hidronimlərində bu etnonim Abdallar  Ağdam, Oğuz, Xanlar, Daşkəsən rayonlarında yaşayır. Laçın şəhərinin adı 1923-cü ilədək Abdallar olmuşdur.

Brovdalla oxşar fonetik quruluşda olan Bzovdal (Pəmbək bölgəsində kənd bax:19,s.47), Bezovdal (Borçalıda dağ) , Bozavdal (Pətək nayihəsinə aid olan kənd   – 121, s.127 ), Бzовдал (Böyük Qarakilsə /Quqark/ rayonunda kənd -38,s.61) adlarında əks olunmuş birinci komponent, yəqin ki, boz sözüdür.  Türk dillərində r-z əvəzlənməsi qanunauyğun haldır. 

 İsmayıllıda Abdal dərəsi mikrotoponiminin də mövcud yuxarıdakı fikirləri möhkəmləndirir.  

D.D.Paqirevin əlifba göstəricisində Fit (Fite) məntəqə adı kimi göstərilmişdir (bax: 92,s.257).

Biz  eftaliflərin adının Fit dağı adında əks olunduğunu da ehtimal edirik.Bu zaman eftal-fital-fitel-fite-fit tələffüz variantları meydana çıxa bilərdi.

         Bu gün yaşayış olmayan bir neçə İsmayıllı kəndinin adında da tayfa izləri yaşamaqdadır.Həsir Alpot, Zəngi,Beylas,Qaravəli belə kənd adlarındandır.

        Diyarbəkr türkmənlərinin başlıca oymaqlarından olan Alpout etnonimi Qazax,Ucar, Laçın, Göyçay,Bərdə,Goranboy,Dəvəçi rayonlarında kənd adlarında  və İsmayıllının Həsir Alpot keçmiş yaşayış məntəqə adında təkrarlanır. Eyniadlı etnotoponim İranda da vardır. Türkiyədə Alpavut (Mamuretül-aziz),  Alpkendi (Erzurun-Erzincan-refahiye), Alpköy (Kemarik-Erzurun-Erzincan, 1970-Erzincan-Kemah Alpköy-bucak), Alpsofi (Abi safi-Kosaeli-Adapazarı), Alpak (Albak-ocaklık-Van) və s. qeydə alınmışdır (6,s.7,96).

             “Alpavut oymağı Qaraqoyunlu еli tənəzzülə uğrayandan sonra Ağqoyunlu tayfa birliyinə qatıldı. Bu oymaq sonralar Qızılbaşlar dövlətinin tərkibinə qoşuldu. I Şah Abbasın hakimiyyəti çağında (1581-1629) oymağın başçılarından biri də Mənsur bəy idi. Şah Mənsur bəyə Şirvanda tiyul vеrmişdi. Alpavutlar ŞirvanQarabağ bəylərbəyliklərində torpaq alıb yaşamağa başladılar. Bu oymaq Qarabağda Iyirmi dörd еlinin tərkibinə qatılmışdı… Qarabağda Alpavut adlı bir nahiyə, bir nеçə kənd vardı” (142).         

24 oğuz etnoniminin 18-i müxtəlif fonetik dəyişmələrlə Zaqafqaziyada, 11-i isə Azərbaycanda (əfşar, boyat, bayandur, bəçənək, bekdili, çuvaldar, iva/yiva, sağur və tükər//dükər) müasir dövrümüzə qədər toponimlərin tərkibində mühafizə olunmuşdur   (101, с.5). 

 Xun aşqun, Xunaxocalı, Xunaşeli mikrotoponimlərində təkrarlanan “xun” komponenti hun tayfa adının tələffüz variantıdır.«Хun» tərkibli bu adların yayıldığı əraziyə yaxın yerdə inzibati ərazi bölgüsünə görə Ağsu rayonuna daxil olan Hunqar (Xunqar) dağının olması artıq hun arealından xəbər verir. 

 Hunqar (Xunqar) dağının yaxınlığında Keyvəndi kəndi ilə Pirəbilqasım kəndi arasında Basqun (Böyük Basqun Balaca Basqun) təpə adlarında da “qun” komponenti diqqəti cəlb edir. Bu adların “basqın” sözü ilə əlaqədar olun olmadığı aydın deyil.Həmin əraziyə 1918-ci ildə erməni basqını olmuşdur. Lakin bu ad “bas” və “qun” omaqla iki etnonimi də əks etdirə bilər.

 Hun etnonimi Gürcüstanda Xunai,Xunevi,Xuniya,Xunezazur,Xona və Xoni yaşayış məntəqə adlarında iz qoymuşdur.Qarabağda Xonaşen (Martuni),Bakının digər adı Xunsar,Tovuz rayonu ərazisində Xunanyurd,Xunaarx, Xunanyol, Xunan qalası, Xunan dərəsi,Xunan düzü və s.etnotoponimləri vardır  (48,s.27).

Quşencə (kənd və yayla) “quş” və “yenicə” sözlərinin qovuşması nəticəsində yaranmışdı.“Quş” komponenti haqqında əksər tədqiqatçılar o fikirdədirlər ki, toponimlərdəki bu komponent etnonimdir. Tarixi faktlar da bunu sübut edir.

 Quşdaş (Ordubad), Quşqala (Qusar), Quşqaya (Abşeron),Quşqayası (Şahbuz), Quştəpə (Fizuli),Quşqana (Bakı), Quşlar (Ağdaş), Quşçu (Daşkəsən,Şamaxı), Quşçu, Balik Quşçu, Təzəkənd Quşçu (Zəngəzur), Quşyengicə (Göyçay) toponimləri bu etnonimlə bağlıdır. Zirəddin Xasıyev bu tayfa adı ilə Azərbaycanda 30-a qədər yaşayış məntəqəsi olduğunu bildirir  (48, с.50). XIX əsrdə Qafqazda 38 Kuşi, Quşi, Quşçu, Quşilər adlı toponimlər olmuşdur.

Quş adlı tayfanı qara hunlarla bağlayanlar var.

İrəvan quberniyasında - indiki Ermənistan ərazisində bu etnonimin çoxlu sayda izləri vardır: Quşi ( Dərələyaz mahalı, Eçmiəzdin qəzası), Quşidərəsi (Novobəyazid qəzası),Quşioğlu məzrəsi (Abaran nayihəsi), Quşçu (Zəngəzur qəzası), Quşçu (Karbi nayihəsi) və b.

Qara hunlardan olan quşan (qədim sarmat) tayfası quşçu, quş etnoslarının olması və Azərbaycana gəlməsi, məskunlaşması və etnonimin toponimə çevrilməsi hallarının daha geniş yayılması göstərir ki Quşencə toponimi  həmin tayfa ilə bağlıdır.

Türk mənşəli qədim tayfalardan olan peçeneqlər Azərbaycan xalqının və dilinin təşəkkülündə mühüm rol oynamışlar. Peçeneqlər eramızın ilk əsrlərində Albaniyaya hunlarla birlikdə gəlmişdir. Bolqarlar və suvarlar kimi, peçeneqlər də hun tayfalarından olmuşlar.   

         Ümumiyyətlə, eramızın ilk əsrlərində Albaniya ərazisində kəngər, peçeneq, savar, hun, çolu, şamak, aran, tərtər və s. kimi dəqiq şəkildə nə vaxt gəldikləri bilinməyən türk tayfaları görünməyə başlayır.Peçeneqlərin eramızın ilk əsrlərində Orta Asiyada və Şimali Qafqazda məskunlaşdığı təsdiq edilir.Peçeneq toponimlərinin VII əsrdə Albaniya ərazisində qeydə alınması onların bu ərazidə daha əvvəllər məskunlaşdığını düşünməyə imkan verir. Oğuzların «Üç ox» adlanan 12 qolundan biri peçeneqlərdən ibarət idi. Onlar Göytürk dövləti dağıldıqdan sonra qərbə irəliləmiş, müxtəlif vaxtlarda Azərbaycana gələrək Azərbaycan xalqının etnogenezində iştirak etmişlər. Başqa bir məlumata görə, qıpçaq soyundan olan peçeneqlər (patsaanaklar/paçanaqlar) Azərbaycanda daha əvvəllərdən olmuşlar  (135).

İsmayıllı rayonu ərazisində də peçenek-kəngər izləri yer-yurd adlarında qorunur.

         Tədqiqatçılara görə, cənub-şərqi Avropada IXəsrdə qıpçaqlar peçeneqlərlə toqquşmuş, peçeneqlər məğlub edilmiş və onların kov (qov),vərəndə və tuba tayfaları qıpçaqlara qarışmışdı  (бах: 76 s.12-13).

          “Qov” komponentli adlar ümumtürk areallarında yayılmışdır. Məsələn, Özbəkistanda bu sözlə yaranan 8 coğrafi ad vardır  (89, с.54).  İsmayıllıdakı Qovdağ oronimi  Sabirabad və Tovuz rayonlarındakı Qovlar, Xanlar rayonundakı Qovlarsarı oykonimləri, Lerikdəki Qovdərə oronimi VIII-IХ  əsrlərdə Ural və Volqa çayları arasında yaşayan peçeneqlərin qov tayfasının adını əks etdirir. Onlar Azərbaycana onlarla birgə yaşayan vərəndə, tuba, irtim,çur, kopon, küərçi tayfaları ilə birgə ya IX-X əsrlərdə, ya da XI əsrdə gəlmişlər. 

            İsmayıllıda Qovdağ və Tubukənd oronim və oykoni qov, tuba adlı qıpçaq tayfalarının adlarını əks etdirir. 

           Minkə kəndi ətrafında və ərazisində bir çox tayfa izləri mikrotoponimlərdə nəzərə çarpır. Qanlı bağ, Qanlı dərə, Güney üzü 1,Güney üzü 2, Xun aşqun, Xuna Xocalı belə adlardandır. Kəndin mikrotoponimləri içərisində Kötüklük, Orta Kötüklük də diqqəti cəlb edir.  

Azərbaycanlıların etnogenezində iştirak etmiş türk mənşəli tayfalardan biri də katak (katay) tayfası olmuşdur ki, bu etnonim toponimlərimizdə kötük, kötüklü kimi əks olunmuşdur. Zəngibasar mahalının qədim adı Kotayk adlanmışdır.Katak eli Albaniyaya və Ermənistana peçeneklərin tərkibində gəlmişdir. Peçeneklər “q”-nı “y” kimi tələffüz etdiyindən katay variantı mövcuddur.     Ermənistanda Kötəkli adlı Azərbaycanlı kəndi 1918-ci ildə dağıdılmışdır. Gödəkli kəndinin adı isə 1945-ci ildə dəyişdirilərək Mrqavan qoyulmuşdur. Zəngəzurda Gödəkli adlı iki kənd XIX əsrdə mövcud olmuşdur.  Həmin əsrdə Zəngəzurda Köhnə Kötük, Şuşa qəzasında Qara-Kötük, Nuxa qəzasında Kötüklü, Gürcüstanın Axalsıx qəzasında və Azərbaycanın Cavanşir qəzasında Kötüklü kənd adları məlumdur  (68,s.116).

          Qərsələ toponimində kəngərlilərin İsmayıllıdakı daha bir izini görmək olar.  Kəndin əhalisi türk soyludur. Toponimi fars dilindən “qərs” - əkin yeri kimi izah edənlər yanılırlar (бах: 118, с.71) 

Xurs (bu adın Qars,Qaros,Xurs,Xarus,Xoros,Görus variantları var)  tayfasının adı II əsr müəllifi Klavdi Ptolomey tərəfindən Şimali Qafqazda yaşayan tayfalarla yanaşı qeyd edilmişdir. Təxminən indiki Dəvəçi rayonunun ərazisi erkən orta əsrlərdə Xursan adlanırdı. Oradakı Çıraqqalanın yerləşdiyi qala Sənqi-Xurus (Xurus qalası) adlanırdı. 

M.Kalankatlının “Alban tarixi” əsərində adı çəkilən Qoroz (Artsaxda), tədqiqatçıların fikrincə sonrakı Gorus mahalının adında qalmışdır.  Keçən əsrə aid mənbələrdə Ermənistanın Aleksandropol qəzasında Qars adlı Azərbaycanlı kəndinin,Zəngəzur qəzasında isə Gerus (Gorus) və Geros adlı yaşayış məntəqələrinin  adı çəkilir.

 1727-ci ilə aid mənbədə Qarabağda Xorus adlı yaşayış məntəqəsinin olduğu göstərilir (67,s.102). Xorus, Xoruz həm də mahalın adı olduğuna görə orada yaşayan kəngərlər və kəbirlilər XIX əsrdə “Xoruzlu Kəngərlisi” adlanırdılar.  Bu məlumatları verən Q.Qeybulayev “Qarabağ” (etnik və siyasi tarixinə dair) əsərində bu qənaətə gəlir ki,deməli,mənşəcə xurs tayfası kəngərlərlə əlaqədardır (бах: 67, с.101-104).

 Qərsələ toponiminin Qorseli-Qərseli-Qərsələ fonetik inkişaf yolunu keçdiyini düşünmək olar. El-“dövlət, “toplum” mənasında türk dillərində işlənmişdir.

             Maraqlıdır ki, Abşeronda kənd adı olan Qars da Türkiyedeki Qars toponimi ilə eynilik təşkil edir.Bu gün Türkiyədə il və il mərkəzi olan Karsdan başqa, “Osmanlı yer adları” sözlüyündə qeydə alınmış Kars-Karsi Zülkadriye və Karsantı (Adana)  (6,s.93) adları eynimənşəlidir.

          “Mənbələrin məlumatına görə, maldar tayfalardan biri olan goruslar XVI əsrdə qızılbaş tayfalarının tərkibində olmuş, Səfəvi şahları onların bir hissəsini Şirvanda yerləşdirəndən sonra onlar müxtəlif zonalara yayılmışlar. XVIII əsrdə Şirvan xanlığında Sulut, Nuran və Zərqava kəndlərini əhatə edən Gorus mahalı olmuşdur (kursiv bizimdir)”(16,s.204).

         Gorus təpəsi (Ağcabədi), Gorusqum dağı (Qazax), Gorus Ayrıbənd kəndi (Kürdəmir) toponim və oronimlərində də bu etnonimə rast gəlinir.

            Ismayıllıda Bizlankənd adı, bizcə, bizal və -an morfemlərindən ibarətdir. Burada –an İsmayıllı toponimlərində geniş şəkildə işlənən topoformantdır. Bizal isə etnonim olub buzal-bizal- bizl (an) fonetik inkişaf yolunu keçmişdir. İkinci hecada saitin düşməsi vurğulu hecadan əvvəlki hecada saitin qısa tələffüz olunmasının nəticəsidir.

             Bozal (buzal) tayfası Xəzər tayfa ittifaqına daxil olmuşdur. Xəzər tayfası isə ağ və ya cənub hunlarına aid edilən türk köçəri tayfalarındandır. Onlar çox qədim zamanlarda Xəzər dənizi ilə Qara dəniz arasında yaşamış və güclü dövlət yaratmışlar. Onların Azərbaycana ilk gəlişi m.ö. 193-cü ilə təsadüf edir (123,с.29). Sonralar dəfələrlə belə hücumlar olmuşdur. Bozal etnonimi Tovuz rayonundakı Bozalqanlı oykonimində qanlı etnonimi ilə birgə əks olunmuşdur.

            Gürcüstanda  bozal etnonimi ilə formalaşmış Bazaleti, Bozaliani, Bozalet toponimlər D.D.Paqirev tərəfindən qeydə alınmışdır (92,с.28).   

Basqal İsmayıllı rayonunda qəsəbə adıdır. Bu paleotoponimin etimologiyası haqqında müxtəlif fikirlər vardır: “bas qal”,”başçı qalan yer”,”dik,sıldırım qaya” və s. (bax: S.Qasımova ”İsmayıllı – etnolinqvistik yaddaş”). 

 “Basqal”  sözünün birinci komponenti olan “bas” sözünü biz  xəzər tayfa ittifaqına daxil olan basin/basil  tayfa adı ilə əlaqələndiririk.

  “Bas” köklü toponimlər geniş yayılmışdır. Məsələn,Türkiyədə Baslı (Qars) , Basbirin (Diyardəkir), Basdura (Sivas-Karahisar), Baskili (Diyarbəkr), Bastana (Ərzincan), Bitlisdə Bas kəndi, Abaran rayonunda basarcıq kəndi, Cənubi Azərbaycanda Bas dağı,Basdan kəndi, Basileti, Basxəzər və s. (19, с.32).

             Beləliklə Basqal toponiminin basil/basıl/barsel etnonimi ilə bağlı olması ehtimalını irəli sürmək olar. “Bars qalası” və ya “Bas qalası” bu etnosun ucaltdığı qala, saldığı yurdun adı ola bilər. Ismayıllıda Basqun (Böyük Basqun,Balaca Basqun) adlı təpələrin adları da maraq doğurur.

Mərəzəli Xəlilli kəndində mikrotoponimdir. Buraya əhali, sakinlərin dediyinə görə, Qubanın Xəlilli kəndindən köçmüşdür. Mərəzə adı isə Azərbaycanda və türk areallarında yayılma toponimdir.

 XIX əsrdə Qarabağda Mərzili tayfası yaşamışdır.1845-ci ildə Mərzili tayfasından 19 ailə hələ də yarımköçəri həyat tərzini davam etdirirdi və Ulu Şıxlı, Əlifli, Danayerli, Kürdçullu və Sofulu nəsillərindən ibarət idi.XIX əsrin sonunda Mərzili tayfası Şirvanlı, Papaxçı, Dəlləkli, Novruzlu, Həmzəlilər, Daşdəmirlər  nəsillərinə bölünürdü (45,s.105). Sibirdə Tom çayının qollarından birinin adı da Mərəzədir.

Şıxlıdəlləkli etnonimləri mikrotoponimlərimizdə (İsmayıllı-Şıxlı, Dələhli) iştirak edir. Ağsuda Göydəlləkli kəndi var ki, dəlləkli etnonimini əks etdirir. Güman ki, Quşencə kəndindəki Dələhli mikrotoponimi də həmin etnonimlə bağlıdır. Dəlləkli (Quba, Masallı,Tovuz,Zəngilan) kənd adları Azərbaycanda areal təşkil edir.  

         İsmayıllıda Şəkili mikrotoponimi mövcuddur ki, bu ad da sak/saka və ya saka/şaka tayfasının adı ilə bağlıdır.Antik mənbələrin məlumatına görə, bu tayfaların Gəncə-Qazax bölgəsində məskunlaşdığı yer Sakasena (erməni mənbələrində Şakaşena)  adlanırdı.Bu türkdilli tayfa qazaxlarda saqa, özbəklərdə şakay/şekey, qırğızlarda sake/saka, türkmənlərdə şaklar adlanmışdır.Yakutlar bu gün də özlərini saxs adlandırırlar.Türkiyə, Tatarıstan,Ermənistan ərazilərində  Şəki adlı yaşayış məntəqələri mövcuddur.

Azərbaycan areal sistemində olduğu kimi, İsmayıllıda da toponimik fonu türk toponimləri təşkil edir.Eyni zamanda bir çox istimai-siyasi, tarixi hadisələr İsmayıllıda yad dil izaqloslarının meydana çıxmasına səbəb olmuşdur. Bunlar içərisində İran izaqlosu üstün yer tutur. Lahıc,Əhən,Gəndo,Talış,Kürd kimi toponimlər, eləcə də -stan, -an (-yan), -gah, di, ab, dahar, sər, bil, bənd, kələ, ki, zir, gənd, pir, xana kimi format və nomenlər İran izaqlosu kimi İsmayıllı toponimlərində tarixən Sasanilər, bəziləri Səfəvilər dövründə hərbi-siyasi məqsədlərlə bura köçürülmüş irandilli əhalinin izləridir.

 İslamlaşma ilə əlaqədaq ərəbdilli adlar da məişətimizə daxil olmuşdur.Bəzi ərəb mənşəli adlar isə ərəb arealı hesab edilə bilər. Məsələn: Müdrü,Müdrisə, Məlho, Sərsurə, Pirəsurə, Həzrə, Gənzə, Şəbyan, Girdəməzrə, Zarat,Xalsıbiçin,Qəryə, Müşgəmir və s.

 Rayonda İvanovka kənd adı  ilə birgə məhdud rusdilli areal mövcuddur.

 Belə məhdud yayılma areallarından biri də qafqazdilli arealdır. Hapıtlı,Haput, Gideyli adları isə alban xalqlarından biri olan haputların izlərini yaşadır.

XIII əsrdə Azərbaycana gəlmiş monqol tayfaları da rayonun toponimiyasında iz salmışdır. Sulut, Çıçatan, Qaranohur, Noxurça, Qızılnohur, Qurbakən və s. adları monqol mənşəli hesab etmək olar.

 Yaxın tariximizdə  - XIX əsrdə İsmayıllı rayonuna köçürülmüş erməni əhalinin yaşadığı ərazilərdəki toponimlərin tarixi-linqvistik  təhlilinin nəticələri göstərir ki, bu adların heç birində (Vəng istisnadır, bu ad da alban dini terminidir) erməni izi yoxdur. Hətta İsmayıllıya Qarabağın dağlıq hissəsindən, Qarabağa isə İrandan və Türkiyədən köçürülmüş bu əhalinin özləri ilə gətirdikləri kənd adları belə türk, Azərbaycan toponimləridir.

 

 

 

Xülasə

 

İsmayıllı toponimlərinin çeşidli növləri, onların leksik-semantik, tarixi-linqvistik təhlili bir çox təbii-coğrafi, tarixi, etnik-milli, dil və s. faktlarına əsaslanmaqla çox mühüm nəticələrə gəlməyə imkan verir. 

Zəngin və rəngarəng təbii şəraiti ilə zaman-zaman insanları özünə cəlb etmiş bu yerin toponimikası da çoğrafi obyektlərin, onların qoynunda özünə məskən qurmuş insanların yurd-yuvalarının adları ilə müəyyənləşmişdir. Burada dağ, təpə, qaya, düz, dərə, bağ, otlaq, biçənək, aşırım, gədik, meşə, çökəklik, tala, oylaq, göl, qobu, nohur, çay, bulaq və s. təbiət obyektlərinin ətrafında binə, kümə, qazma, qala, kənd, yaylaq, qışlaq, köçəbə, pir, qəbirstanlıq, meydan, qəsəbə, şəhər kimi insan həyatının izləri vardır. Hər birinin də, hətta bəzən ayrıca bir daşın, ağacın da adları vardır. 

  İsmayıllı toponimlərinin etimoloji araşdırılması göstərir ki, onların böyük əksəriyyəti türk dilləri əsasında yaranmışdır. Bu adların yaranma mənbələri içərisində etnonimlər və coğrafi terminlər üstünlük təşkil edir.

 Bu terminlər içərisində isə bu gün mənası anlaşılmayan, ona görə də müxtəlif dillər əsasında izah olunmasına cəhd göstərilən çoxlu sayda leksik vahidlər əslində türk  (türk-monqol) praformalarıdır. 

Xalqın etnogenetik inkişaf tarixinin öyrənilməsi baxımından toponimlərin ən dəyərlisi etnotoponimlərdir.

 Araşdırmalar göstərir ki, İsmayıllı toponimlərində qıpçaq və oğuz mənşəli türk tayfaları daha çox iz qoymuşdur.Ümumilikdə türk, monqol mənşəli etnosların yer-yurd adlarında bu qədər əks olunması onu göstərir ki, burada hər bir mənası şəffaf olmayan adın qeyri-avtoxton dillər əsasında  izahına can atılması tədqiqatçıların ən yaxşı halda asan yolla getməsi və məlumatsızlığı ilə bağlıdır.

V-VII əsrlərə aid savir-xəzər ittifaqına daxil olmuş qıpçaqdilli tayfaların dil ünsürləri İsmayıllı şivəsində də nəzərə çarpır.Lakin bu türk izlərinin ən qədimi deyil.Bu gün mövcud olan və qədim yaşayış məskəni kimi yalnız adi təbiət obyektlərində qalmış neçə-neçə insan məskəninin adında bu izlər əbədiləşdirilmişdir.

 Məsələn, Həsir Alpout,Ustacallı, Keşxurd,Qaravəli, Xoylu, Pətəkli,Uzunboylar,Marracvə s.kimi keçmiş kənd və qədim yurd yerləri əksərən etnonimləri əks etdirir. Bu gün mövcud olan Minkə, Brovdal, Bizlan, Qalac, Qovdağ,  Tubukənd, Hapıt Qacar, Qəzli, Xəlilli, Qubaxəlilli, Gəraybəyli, Padar yaylası, Quşencə oykonimləri, Kötüklü, Dəlləkli, Həzrətli, Şıxlı, Koxalı, Korlar, Siçançə, Soğanlı və s. mikrotoponimləri türk tayfa, qəbilə, nəsil, tirə adlarını əks etdirir.  

Bu adların bəziləri artıq nəzərə çarpmadan mikrooronimləri işarələyir. Bu ona görədir ki, yer üzündən silinmiş tarixi yaşayış məskənləri artıq təbiətin bir hisəsi kimi otlaq, biçənək, dərə, təpə, düz  və s. kimi diqqətdən kənardadır. Adlar isə bu izləri yaşadaraq onlara həyat statusu verir.

 

 

                        Istifadə olunmuş qaynaqlar:

 

 

1.Akbayar Nuri. Osmanlı yer adları sözlüyü 2. Baskı, Tarih Vakfı Yurt Yayınları, İstanbul, 2003, 189 s.

2.Ашурбейли С.Б.Государства Ширваншахов (VI-XVI).Баку,Елм,1983,344с.

3.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə.I cild.Bakı,“Şərq-Qərb”, 2007, 299s.

4.Bayramov A. Qədim oğuz ellərinin – Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimlər). Sumqayıt Nəşriyyatı,1966, 250 s.

5.Budaqov B.Ə.,Qeybullayev Q.Ə. Gürcüstanda türk mənşəli  toponimlərin izahlı lüğəti. “İsmayıl” Nəşriyyat Poliqrafiya Müəssisəsi, 2002, 320 s.

6.Əhmədov T.M.Azərbaycan toponimikasının əsasları.Bakı Universiteti Nəşriyyatı,1991,212 s.

7.Ələkbərli Ə. Qədim türk- oğuz yurdu. - “Ermənistan”, Bakı,“Sabah”,1994,208 s.

8.Xalıqov F.R. Folklor onomastikası.I hissə.Bakı, Elm,1998,137 s.

9.Ханмогомедов Х.Л. Торонимия Дагестана. Торонимия территории сосложной географической средой и этноязыковым составом насепения.Кросноярск: Изд-во Краснодарского университета,1990,244 с.

10.Xasıyev Z.Tovuzun toponim  dünyası.Bakı, Sabah,1997,112 s.

11.Гейбуллауев Г.А. К этногенезу азервайджанцев, т.I, Баку: Элм,1921.-552с.

12.Гейбуллаев Г.A. Топонимия Азербайджана, Баку, 1986.

13.Qeybullayev Q.Ə. Qarabağ /Etnik və siyasi tarixinə dair/.Bakı, Elm, 1990,248s.

14.Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, Azərnəşr,1992.140 s.

15.Qızılbaşlar tarixi. Bakı, 1995,s.31

16.Nafasov T. Uzbekistan toponimlərinin izoxli lüqati, Taşkent,“Ukituvçi”,1988,s.54

17.Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте  КавказскогоКрая.ИзданияКавказско Военно Топографического Отдела.Тифлис,1913-530c.

18.Петрушевский И.П.Земледелие и аграрные отношениуа вИране вXIII-XIV.М.,Л.,1960,192 с.

19.Радлов В.В. опыт словаря тюркских наречий т.т. I-IV.СПб: 1883-1911-т.II(1)c.

20.Rəcəbov Ə., Məmmədov Y.Q. Orxon-Yenisey abidələri.Bakı,Yazıçı,1993,400s.

21.Rəhimova S.T. Azərbaycan toponimləri və onların türk dillərində paralelləri.Filol.elm.nam.disser. avtoref.Bakı,1996,22s.

 22.Səmədova K.İ.Qərbi Azərbaycanın türk mənşəli etnotoponimləri.Filol.elm. nam.avtoref. Bakı,2004,24 s.

23.Süleymenov O. Az-ya .Azərbaycan Bədii  Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi,1993, 204 s.

24.Süleymanov M. Lahıc (etnoqrafik – bədii lövhələr). Bakı,Vətən Nəşriyyatı,1994,272 s.

25.Sümər F. Oğuzlar.Bakı, Yazıçı,1992, 430 s.

26.Şirvani S.Ə. Əsərləri, 3 cilddə,III c.,Bakı, EA,1974,498 s.

27.Şükürov M., Bəşirov F. İsmayıllı toponimləri, Bakı, “Orxan”,2004,132 s.

28.Тагирзаде А.Ш. О древнетюркских топонимах Шекинской зоны Азербайджанской ССР//Материалы докладов II научной конференции,посвященной изучению топонимии Азервайджанской ССР,сентябр, 1981, Из-во Элм, 1981,с.78-80

29.Tiflis əyalətinin müfəssəl dəftəri (Borçalı və Qazax).Bakı,“Pedaqogika”,2001,256 s.

30.Велиуев М.Г.(Бахарлы).Азербайджан физико-географический очерк.Баку, 1921,341 c.

31.Voroşil Q. Qafqaz Albaniyası. Tarixi-filoloji etüdlər.Bakı,Öyrətmən,1993,108 s.

32.www.anl.az/el/s/sk/_qaea.pdf

33.http://www.uludil.gen.az/4_fesil_003.html

34.http://az.wikipedia.org/wiki/Alpavut_oyma%C4%9F%C4%B1"

35.www.azerbaijan-news.az/index.php

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 





YORUMLAR

Henüz Yorum Eklenmemiştir.Bu Haber'e ilk yorum yapan siz olun.

YORUM YAZ



FACEBOOK YORUM
Yorum

YAZARIN DİĞER YAZILARI

HABER ARA
SON YORUMLANANLAR HABERLER
ÇOK OKUNAN HABERLER
VİDEO GALERİ
GÜNDEM'DEN BAŞLIKLAR
YUKARI